AZ

Canlı çətir

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Akif CABBARLI 

(hekayə)

Burum-burum yağan qar getdikcə güclənirdi. Məktəbə sarı uzanan dar cığırı addımladıqca pianino dillərindən yayılan ecazkar musiqini xatırladan səs məni xəyallarımın qanadında lap uzaqlara aparırdı. Uzaq-yaxın ölkələrdə nümayiş etdirilən sərgilərim, yağlı boya ilə işlənmiş tablolarımın qarşısında ünvanıma söylənən təriflər, televiziya müxbirlərinin çoxsaylı sualları gözlərimin önündən kino lenti kimi keçdikçə bir sual da ürəyimin lap dərinliyindən boy göstərirdi;

- Bu yetmiş ili boş-boşuna keçirmədin ki? Özündən sonraya nə qoyub gedəcəksən? Gen-bol mənzilə sahiblənmədin, heç bir mükafata, fəxri ada layiq görülmədin, dar günün üçün qırağa beş-on manat qoya bilmədin. Dostlarının, qohum-qardaşın xeyir-şərini qabağa düşüb özün yola verdin, oğlunu-qızını ev-eşik sahibi elədin, amma yaşlaşanda, əlin gətirməyəndə hamısı izsiz-tozsuz yoxa çıxdı. İndi də heç olmasa hansısa işə yarayıram, buna da min şükür.

Beşinci sinifdə oxuyan nəvəmi məktəbdən götürməyi mənə həvalə ediblər. Demək hələ bir işin qulpundan yapışmağa yarayıram, Allaha şükür eləməliyəm. Allah hamısının canını sağ eləsin, bu da bir həyatdır, özü də gözəlindən...

Xəyalım birdən-birə çilik-çilik oldu. Qardan qorunmaq üçün açdığım enli çətirin altında qəfildən ağappaq geyinmiş, yanaqları qızılgül ləçəyini xatırladan gözəl-göyçək bir xanım peyda oldu. Dərhal da icazəsiz-filansız qoluma girdi.

- Salam, gözəl insan. Yəqin ki, səhv eləmirəm, siz rəssam Elbrus Şahdağlinski olmalısınız, elə deyilmi?

- Elədir ki, var. Bəs Siz kimsiniz?

- Kim olacağam, Sizin fanatınız. Həmişə ətrafınızda o qədər gözəl xanımlar olur ki, məni hardan tanıyacaqsınız. Sərgilərinizdə çox olmuşam. Filoloqam, incəsənət dərgilərinə yazılar yazıram. Sizin əsərləriniz barədə də bir-iki yazım çıxıb. Haradan biləsiniz axı... Məşhurlar ətrafa baxmağı o qədər də sevmirlər.

Qız sanki dilotu yemişdi. Ara vermədən danışır, mənə cavab verməyə imkan da vermirdi. Axır ki, öyrənə bildim ki, oğlu nəvəmin təhsil aldığı məktəb-liseydə oxuyur. Özü də nəvəmlə bir sinifdə.

- Həyat yoldaşım on ildir ki, Rusiyadadır. Cəhənnəm olub gedib, Allah bilir, hansısa Nataşanın yanındadır. Özü bilər, indi daha mən də tənha, yiyəsiz deyiləm. Sizin yanınızdayam, yanımdasınız. Nə olsun ki, Sizdən xeyli cavanam, qızınız yerdəyəm. Axı dedim ki, fanatınızam. Bu söz təkcə sənətinizlə bağlı deyil...

Doğrusu, tutulub qalmışdım. Məktəbin qarşısına çatmışdıq. Xanım yenə də çətirimin altında idi.

- Bax indi Siz məni qardan qoruyursunuz. Çox təşəkkür edirəm. Bu, bir texniki məsələdir, amma çox istərdim ki bu çətir mənəvi cəhətdən də başımın üstündə olsun, həmişəlik. Bilirəm ki, Siz də subaysınız. Yaş fərqimizə baxmayın. Oğlumla da Sizi tanış edəcəyəm. Bəlkə Sizə əvvəlcə “baba” deyə müraciət elədi, amma çox çəkməz...

Qızın sözləri məni əməlli-başlı vahimələndirmişdi. Övladım yaşında olan birisinin bu cür açıq-saçıq söhbəti heç cür beynimə girmirdi. Amma onun qətiyyətlə, inadla söylədiklərinə etinasız da yanaşmaq olmazdı.

- Xanım, axı Siz məndən çox cavansınız. Sonra da ki, ilk görüşdən bu cür açıq-saçıq təklifiniz mənə heç cür çatmır axı...

- Elbrus müəllim, mən Sizi lap çoxdan tanıyıram. Sizə qəlbən vurulmuşam. Nə vaxtsa görüşəcəyimi, ürəyimdəki sözləri Sizə çatdırmağı səbirsizliklə gözləyirdim. Mən həyat yoldaşımla heç vaxt bir-birimizə bağlı olmamışıq. Ailələrimiz qohum olub. Yarı-zor, yarı-xoş evləndiriblər bizi. İndi görürsünüz, on ildir çıxıb gedib. Təki Siz mənə etinasız olmayın. Mən ona bu barədə yazacam da. Nikahımız da pozulub. Məni ona bağlayan heç nə qalmayıb.

- Xanım, axı mən..

- Bilirəm, Siz də xanımınızı uzun illərdir itirmisiniz. Oğlunuz mühüm vəzifədə işləyir. Qızınız da ailəlidir. Canları sağ olsun. Amma gərək tökülüşüb Sizi çoxdan evləndirəydilər. Elə bil məni gözləyirmişlər. Bəlkə mən heç bu qarlı gündə peyda olmayacaqdım. Ömür boyu tənha qalacaqdınız?

Dinmədim. Doğrusu nə deyəcəyimi ağlıma yerləşdirə bilmirdim.

- Hə, nə deyirsiniz? Sonra Sizdən bir xahişim də olacaq. Xahiş edirəm məni özünüzə naturaçı edəsiniz. Neçə saat desəniz qarşınızda monumental heykəl kimi dayanmağa hazıram. İnanın ki, yaxşı əsər alınacaq. Foto-surətini Moskvaya, məni burda tənha qoyub Nataşanın yanına gedən oğlana, oğlumun atasına da göndərərəm.

Qızın qolumu sıxan əli bədənimə qəribə, izaholunmaz bir istilik yayırdı. Qəlbimdə ona qarşı hansı hisslər yaranırdı, sözlə ifadə etməyə çətinlik çəkirəm. Xanım qolumu daha möhkəm sıxdıqca qarın, küləyin soyuğu canımdan qətrə-qətrə çıxırdı. Bu nə idi - sevgiydi, mərhəmətiydi, şəfqətiydi, ayırd edə bilmirdim.

Məktəbin qapıları taybatay açıldı və mühafizəçi uşaqları sıraya düzüb həyətə çıxardı. Uşaqlar balaca quzular analarının yanına tələsən təki üstümüzə şığıdılar. Xanımın oğlu ilə nəvəm yanımıza eyni vaxta çatdılar.

- Elbrus müəllimlə görüş, indi o bizim canlı çətirimizdir-deyə xanım oğlunun başını sığalladı.

- Salam, baba, - deyə uşaq nəvəmlə birgə enli çətirin altında sinəmə sığındı.

- Elbrus müəllim, gördünüz, Sizə bugün “baba” dedi, icazə versəniz bir müddət sonra...

Xanım sözünün ardını deyə bilmədi. Kövrəlmişdi. Yanaqlarından axan büllur kimi yaş qar dənəcikləri ilə lap fırçaya gələn qəribə bir mənzərə yaratmışdı. Yadıma dünya şöhrətli İspan rəssamı Salvador Dali və onun təkrarsız naturaçısı, sevgilisi Qala düşdü.

Məktəbdən aralıdakı avtobus dayanacağınadək bir yerdə-bir çətirin altında qayıtdıq. Doğrusu, bir qərara gələ bilmirdim. Mənə sığınan, güvənən, məni... xanımın bu ilahi təklifini dəyərləndirə biləcəyəm, yoxsa yox...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
reyting.az

1Mənbələr