AZ

Gürcü nazir: Cənub Qaz Dəhlizi bir çox nailiyyətlərə birgə imza ata biləcəyimizi göstərir

Bakı, 3 mart, AZƏRTAC

Cənub Qaz Dəhlizi Məşvərət Şurası kimi platformaların olması təcrübə baxımından, həmçinin strategiyaların qurulması və etimadın daha da gücləndirilməsi baxımından vacibdir. Cənub Qaz Dəhlizi aydın şəkildə göstərir ki, biz birgə bir çox nailiyyətlərə imza ata bilərik. Beləliklə, biz enerji təhlükəsizliyimizi və şaxələndirməni artıra bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstan fərəh hissi ilə, tranzit ölkə kimi öz töhfəsini verir və fəal şəkildə Cənub Qaz Dəhlizinin tərəfdarı olub.

“Beynəlxalq enerji layihələrinə gəldikdə, biz istənilən təklifə və əməkdaşlıq fürsətinə hazırıq. Bu da daha sağlam və sabit bir mühit yaradacaq ki, burada bütün lazımi tələbatlar həm regionda, həm də onun hüdudlarından kənarda təmin edilsin. Enerji sektoru və enerji təhlükəsizliyi Gürcüstan üçün ən vacib prioritetlərdən biri olaraq qalır. Biz uzunmüddətli strategiyanı tərtib etmişik ki, enerji sektorumuz bundan sonra da inkişaf etsin. Biz 10 illik iş planımızı yaratmışıq. Bununla 2036-cı ildə Gürcüstanın enerji sektoru özünü tam təmin edəcək. Biz öz imkanlarımızı daha da genişləndirmək istəyirik ki, 11,5 meqavatlıq əlavə güc yaradaq. Bunun sayəsində bizim ixrac imkanlarımız da genişlənəcək”,- deyə nazir bildirib.

Gürcü nazir əlavə edib ki, mühüm regional layihələrdən biri Qara dənizin enerji kabelidir ki, bu, Gürcüstan vasitəsilə Rumıniyaya gedəcək: “Nəticədə təmiz enerji Avropaya nəql olunacaq. Eyni zamanda, biz Yaşıl Enerji Dəhlizini Azərbaycanla paralel, Rumıniya və Macarıstanla birgə yaradırıq. Elektrik enerjisinin ötürülməsi üçün interkonnektorlar da quraşdırılacaq. Bu infrastrukturla bağlı təşəbbüs olmaqla yanaşı, bizim ortaq öhdəliyimizidir. Təbii ki, bərpaolunan enerji Gürcüstanın strategiyasında əsas yer tutur. Biz 6000 meqavatdan çox elektrik enerjisi layihələrini həyata keçirmək fikrindəyik. Onların sırasında külək və Günəş enerjisi də var. Əgər bu layihələr olarsa, biz sabit bərpaolunan enerjinin təchizatı üçün çərçivə yaradacağıq. Biz gecikən layihələrin yenidən nəzərdən keçirilməsinə səy göstəririk və çalışırıq ki, bununla bağlı yeni sərmayələr cəlb edək.

Gürcüstan birmənalı şəkildə regional əməkdaşlığın bundan sonra da davam etdirilməsinə sadiqdir və enerji təhlükəsizliyinə, təmiz enerjinin çatdırılmasına öz töhfəsini verəcək. İnanırıq ki, belə tərəfdaşlıq vasitəsilə biz daha etibarlı və davamlı, qarşılıqlı şəkildə bir-birinə bağlı olan enerji gələcəyini təmin edə biləcəyik”.

Seçilən
6
azertag.az

1Mənbələr