AZ

“Səbail”in çempionluğuna Adil Şükürov da inanmır - “Şəfa”, yoxsa “Baku Sportinq”? Ya bəlkə “Mingəçevir”?

Birinci liqada gərgin mübarizə davam edir. Az qala hər yer uğrunda kəskin rəqabət var. Bu yazı isə çempionluğun taleyi haqdadı.

Mövsümdən əvvəl çempionluq uğrunda mübarizənin “Səbail”lə “Şəfa” arasında gedəcəyi təxmin edilir, elitadan yenicə ayrılıb deyə, “dənizçilər” favorit sayılırdı. Amma “Səbail” bu mübarizədən turlar getdikcə uzaqlaşır. Bayıl təmsilçisi son 6 turda yalnız bir qələbə qazanıb, onu da qış fasiləsindən qayıdandan sonra ciddi maliyyə problemləri yaşayan “Zaqatala” üzərində. Adil Şükürovun komandası lider “Şəfa”dan nə az, nə çox - 9 xal geridədi. Həm də 2-3-cü yox, 4-cü pillədə qərarlaşıb. “Səbail” arxada qalan 16 tur ərzində 7 qələbə qazansa da, 6 heç-heçə və 3 məğlubiyyət ilə üzləşib.

“Mingəçevir”lə “Baku Sportinq” də bu mübarizənin içindədi. “Mingəçevir” çempionluq mübarizəsi aparan 4 komanda arasında yeganə bölgə təmsilçisidi. Yaxşı maliyyə dayaqlarına malik “nur şəhəri”nin təmsilçisi qışdan sonra birmənalı şəkildə çempion olmaq istəyir. “Səbail”i 2 xal qabaqlayan Ramiz Məmmədovun komandası “Baku Sportinq”dən 4, “Şəfa”dan isə 7 xal geridədi. Qışda heyətini elita təcrübəsi olan bir neçə futbolçu ilə gücləndirən “Mingəçevir” növbəti tur “Baku Sportinq”in qonağı olacaq. Turun mərkəzi qarşılaşması minimum 2-ci olmaq istəyən hər iki komanda üçün olduqca vacibdi.

“Baku Sportinq” ötən mövsüm qışdan sonra 1-ci liqada qalmaq uğrunda mübarizə aparırdı. Açığı, indi də çempionluq hədəfləri yox idi. Nə klub rəhbərliyindən, nə də məşqçilərdən belə söz eşitmişdik. Amma hər oyun yaxşı nəticə göstərən buzovnalılar bir də gözlərini liderlər qrupunda açdılar. Klubun meneceri Araz Əhmədov da “hədəfimiz mövsümün gedişində formalaşacaq” demişdi. Artıq vəziyyət elədi ki, çempionluq uğrunda mübarizə aparmaq olar. Röyal Nəcəfovun komandası “Şəfa” ilə “Səbail”in ardından gələn tur “Mingəçevir”i qəbul edəcək. Buzovnalılar çempionluq mübarizəsində qalmaq istəyirsə, “Mingəçevir”i məğlub etməkdən başqa yol yoxdu. Komanda bu mövsüm cəmi bir dəfə uduzub - Buzovnada “Şəfa”ya. “Baku Sportinq” 16 turdan sonra qələbə sayında yalnız “Şəfa”dan geri qalır - 8 qələbə.

Ötən mövsüm 2-ci liqada çempion ola bilməyən “Şəfa” bu dəfə 1-ci liqada çempionluqdan başqa heç nə düşünmür. Tək hədəf çempionluqdu. Sadəcə, yerli futbolçularla oynayan komanda elitaya yüksələndən sonra da legionersiz mübarizə aparacağını deyir. Bunu üç mövsüm əvvəl “Şamaxı” da etməyə çalışdı, lakin bacarmadı. PFL-in bayrağı altında mübarizə aparan 34 komandadan yalnız “Şəfa” məğlubiyyət tanımır. Paytaxt təmsilçisi 10 qələbə qazanıb, 6 oyunda heç-heçə edib.

Çempionluq şanslarını dəyərləndiriksə, ən yaxşı mənbə …indiki turnir cədvəlidi. “Səbail”in çempionluğuna, yəqin ki, artıq Adil Şükürov özü də inanmır. “Mingəçevir” və “Baku Sportinq” güc baxımından bir-birinə yaxındı. Növbəti tur öz aralarındakı qarşılaşma çox şeyi həll edəcək. Ən real namizəd isə “Şəfa”dı. Düzdü, qışdan sonra vəziyyət elə də yaxşı deyil. Ən azı qalib gəlməkdə çətinlik çəkirlər, xüsusən də ilk “4-lük”də olan komandalarla oyunlarda. Amma təqvimin bundan sonra çox rahat olması Elgiz Kərəmlinin komandasını qızıl medala daha yaxın edir.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
10
3
football-plus.az

4Mənbələr