Bloomberg: Meta-nın təsisçisi Mayamidəki şəxsi adada 170 milyon dollarlıq əmlak əldə edib...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Meta Platforms Inc. şirkətinin qurucusu Mark Zukerberq və həyat yoldaşı Prisilla Çan Mayamidə, Biskeyn körfəzində yerləşən şəxsi İndian-Krik adasında 170 milyon dollar dəyərində malikanə satın alıblar. Bu alış Mayami-Deyd dairəsində indiyədək qeydə alınmış ən bahalı yaşayış əmlakı sövdələşməsi kimi tarixə düşüb.
Məlumata görə, sövdələşmə barədə iki mənbə agentliyə məlumat verib. Yeni alışla əvvəlki rekord da yenilənib. 2025-ci ildə rusiyalı biznesmen Vladislav Doroninin Star-Aylend adasındakı malikanəsinin 120 milyon dollara satılması ilə müəyyən edilmiş rekord artıq geridə qalıb.
Zukerberqdən əvvəl sözügedən malikanənin sahibi tanınmış plastik cərrah Aaron Rollins olub. O, minimal invaziv və anesteziya tələb etməyən AirSculpt prosedurunun müəllifi kimi məşhurdur. Mülk yüksək təhlükəsizlik səviyyəsi və məxfiliyi ilə seçilən İndian-Krik adasında yerləşir. Bu ərazi qeyri-rəsmi olaraq “milyarderlər bunkeri” kimi tanınır və burada ciddi mühafizə rejimi tətbiq olunur.
Forbes və digər maliyyə mənbələrinin məlumatına görə, Zukerberqin sərvəti təxminən 231 milyard dollar həcmində qiymətləndirilir. O, Kaliforniyada “varlılar üçün əlavə vergi” təşəbbüslərinin müzakirə olunmasından sonra Mayamidə əmlak alan Silikon Vadisi milyarderlərinin siyahısına qoşulub.
Eyni ərazidə Alphabet Inc.-in həmtəsisçiləri Larri Peyc və Sergey Brin, həmçinin ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşner də mülklərə sahibdir. Analitiklər qeyd edirlər ki, Florida ştatının vergi siyasəti və yüksək səviyyəli məxfilik imkanları varlı investorlar üçün cəlbedici amillərdən biridir.
Poliqon.info