AZ

CNN: Yaxın Şərqdəki böhran Kreml üçün əlverişli şərait yaradır...

Neft qiymətlərində kəskin artım Rusiyanın büdcəsinə əlavə gəlir gətirə və Ukraynadakı müharibənin maliyyələşdirilməsinə təsir göstərə bilər...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı analitiklərə istinadən məlumat yayıb. Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda enerji bazarlarında qeyri-müəyyənlik artıb və təchizatın pozula biləcəyi ilə bağlı narahatlıqlar neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu proses Rusiyanın iqtisadi və hərbi imkanlarına dolayı təsir göstərə bilər.

Brüsseldə yerləşən Bruegel analitik mərkəzinin baş elmi əməkdaşı CNN-ə bildirib ki, Rusiyanın Ukraynada müharibəni davam etdirmək qabiliyyəti böyük ölçüdə neft gəlirlərindən asılıdır. Onun sözlərinə görə, mövcud geosiyasi hadisələr nəticəsində Rusiya dövləti əlavə “neft rentası” əldə edir. “Bu, Rusiya üçün yaxşı, Ukrayna üçün isə mənfi xəbərdir”, deyə analitik vurğulayıb.

Son illərdə Qərb sanksiyaları və qiymət məhdudiyyətləri səbəbindən Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər azalsa da, enerji sektoru hələ də federal büdcənin əsas dayaqlarından biri olaraq qalır. Oksford Enerji Araşdırmaları İnstitutunun məlumatına görə, ötən il neft və təbii qazdan daxilolmalar ölkənin federal büdcə gəlirlərinin təxminən 23 faizini təşkil edib. Bu vəsaitlər sosial xərclərlə yanaşı, hərbi xərclərin maliyyələşdirilməsində də mühüm rol oynayır.

Ekspert qeyd edib ki, neft qiymətlərində hər hansı artım Rusiya büdcəsinə əlavə vəsait daxil olmasına və Ukraynadakı hərbi əməliyyatların maliyyələşdirilməsinə imkan yaradır. Enerji bazarlarında sabitliyin pozulması isə qlobal iqtisadiyyat üçün əlavə risklər yaradır və geosiyasi gərginliyi daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr