AZ

İran propoqandasının Türkiyə vurğusu və Tehran elitasındakı "dərin" ambisiyalar

Hazırda ortaya atılan iddialardan biri də budur ki, ABŞ və İsrail İran məsələsini bitirdikdən sonra hədəf Türkiyə olacaq.

Əvvəla, İran ABŞ və İsraildən çox Türkiyə üçün təhdiddir. Əgər Tehran nüvə proqramını reallaşdıra bilsəydi, Türkiyənin ordusu da, bölgə üçün aktuallığı da bir andaca sıfırlanacaqdı.

İkincisi, ABŞ və İsrailin İran üzərindəki labüd hərbi qələbəsi Türkiyənin mənfi təsir baxımından heç vecinə də olmayacaq. Ankara bu, prosesdən bütün hallarda qazanan tərəfdir və qazananların da tərəfində olacaq. Türkiyə mediasının bəzi boşboğaz "kanaat önderleri" ABŞ və İsraili söyə, asıb-kəsə bilər, amma reallıq budur ki, Yaxın və Orta Şərqdə ABŞ-ın bir dayağı İsraildirsə, o biri də Türkiyədir.

Üçüncüsü, İran öz teokratik rejimi, yayılmaçı siyasəti, terrora verdiyi dəstək və nüvə dövləti olmaq yönündə artan hərbi iddiaları ilə ABŞ üçün təhdid idi. Sekulyar, NATO üzvü, iqtisadi baxımdan Qərbə bağlı Türkiyə isə ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik sisteminin bir ünvanıdır.

Dördüncüsü, Türkiyə ilə İranı eyniləşdirmək, tərəzinin eyni gözünə qoymaq kökündən yanlışdır. Osmanlı imperiyası ötən əsrin 20-ci illərində dağılıb, küllərindən Türkiyə doğub. Türkiyə türklərin millətləşmə prosesinin əsəridir, tarixi dinamika ilə heç bir ziddiyyəti yoxdur. İran isə orta çağ qalığı imperiyadır və ilk növbədə bir imperiya olaraq can verir.

Beşincisi, əndişə dalğaları yaratmaq geosiyasətin köhnə taktikasıdır. “Bir ölkə zəifləyirsə, sıradan çıxırsa, növbə digərlərinə çatacaq.” Bu, informasiya müharibəsinin klassik psixoloji alətlərindən biridir. Bu alət hazırda iki mərkəzə lazımdır. Biri Tehran, biri Moskva!

Tehran çox güman ki, Moskva və Pekindən aldığı təlimatlarla ABŞ və İsrail ordusuna qarşı öz aləmində müqavimət göstərir. Əks həmlələr İran torpağında və səmasında, demək olar ki, hiss olunmasa da, İsrailə və ərəb ölkələrindəki ABŞ bazalarına raket hücumları şəklində baş verir. İranın atdığı raketlər böyük ölçüdə ya hədəfə çatmır və dəymir, ya da uzaqbaşı psixoloji fon yaradır. Təsəvvür edin, Möhtəşəm Qəzəb Əməliyyatında Xəmneyi başda olmaqla İran elitasının ən isimlərini zərərsizləşdirilib, bunun müqabilində ABŞ-ın köhnə nəsil qırıcı təyyarələrini səhvən Küveyt vurub. Bu, zənnimcə, artıq mənzərəni tam şəkildə ortaya qoyur. Hərbi, texnoloji, kəşfiyyat və psixioloji üstünlük birmənalı olaraq ABŞ və İsrailin lehinədir.

Daha öncə proqnozlaşdırdığımız kimi, dini lideri ayətullah Xəmneyinin fiziki şəkildə ortadan qaldırılması İranın dərhal diz çökəcəyi mənasına gəlmir. İstər klerikal sistem, istərsə də ordu dini lider olmadan da müvazinətini saxlamağa qadirdir. Xəmneyi piramidanın başında dayanırdı, lakin sistemi təkbaşına təmsil etmirdi. Onun ölümü bütün sahələrdə sistemi zəiflədir, lakin tamamilə dağıtmır. Xəmneyinin torpağa tapşırılması ilə İran hakimiyyətində koordinasiya problemləri şiddətlənəcək, elitadaxili mübarizə qızışacaq və ideoloji şəbəkə lider böhranı yaşayacaq. İqtisadi tənəzzül fonunda baş verən bu proseslər qısa müddətdə küçələrin yenidən aktivləşməsi ilə müşayiət olunacaq.

Seçilən
5
aznews.az

1Mənbələr