“İran şər imperiyasıdır və onu bu gün idarə edənlər tək İran xalqının yox, elə qonşu müsəlman dövlətlərinin və xalqlarının da düşmənləridirlər“.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov bildirib.
O qeyd edib ki, 44 günlük müharibədə Rusiya məhz İran vasitəsilə Ermənistana silah-sursat göndərirdi:
“Şuşa, İran Prezidenti Rəfsəncaninin Azərbaycan dövlət rəhbərlərini Tehrana sülh danışıqları adı ilə çağıranda, işğal olunmuşdu. 30 il ərzində işğalçı Ermənistanı silah-sursat, yanacaq və qida məhsulları ilə təmin edən də İran hakimiyyəti idi. 2020-ci il 44 günlük müharibədən sonra da Ermənistanın Azərbaycanla sülh sazişi bağlamasını əngəlləyən də Rusiya ilə bərabər İran idi.
⁷Uzun illər Azərbaycana narkotik ixrac edən də məhz bugünkü İran dövləti olub. Mən hələ dəfələrlə Azərbaycanı yer üzündən silməklə hədələyən İran rəsmilərini demirəm. Bu siyahını çox uzatmaq da olar”.
Hüquqşünas vurğulayıb ki, İrana hücum birmənalı bütün beynəlxalq qanunların kobud pozulmasıdır:
“Bu gün İranda baş verənlər mənim üçün faciədir. Ona görə yox ki, İran rejiminin başında dayananlar məhv edilir. Ona görə ki, 2500 illik tarixi olan qonşu dövlət məhv edilir, dinc insanlar qırılır. Min illik tarixi olan mədəniyyət abidələri dağıdılır.
Bəli, İrana hücum birmənalı bütün beynəlxalq qanunların kobud pozulmasıdır. ABŞ Prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun atdıqları addımlar cinayətdir. Ancaq bugünkü faciənin əsas səbəbkarı İran rejimini yaradanlar və başında duranlardır. Bu müharibə bir günün, bir ayın, bir ilin işi deyil. Bu rejim İran dövlətini və xalqını uzun illər bu faciəyə sürükləyirdi. Ölkə daxilində yüz minlərlə vətəndaş adi insan haqlarının tələb etdiklərinə görə edam edildi, həbsə atıldı. Ancaq son etiraz mitinqlərində on minlərlə insan vəhşicəsinə öldürüldü, edama məhkum edildi, həbsə atıldı. Milyonlarla insan Vətənindən didərgin salındı. Bu gün İran hakimiyyəti dünyanın ən böyük narkokartellərindən biridir”.
“Bundan başqa, İran rejimi İraqın, Suriyanın, Liviyanın, Yəmənin xarabaya çevrilməsində az rol almadı. Bu rejim bütün qonşu müsəlman dövlətləri ilə düşmən oldu. Bugünkü faciəni dəstəkləyənlər də elə birinci növbədə qonşu müsəlman dövlətləridir. Məhz bu rejim bütün dünyada İslam dininə qara ləkə oldu.
Bir daha təkrar edirəm ki, bu gün İrana hücum bütün dünya qanunlarının kobud pozulmasıdır. Məhz bu rejimə görə baxın, görün dünyada bu özbaşnalığa etiraz edən varmı?! Bu yaşımda bu cür faciəyə dünyanın belə səssizliyini görməmişdim. Axı, bütün dünya dəli, qorxaq ola bilməz. Bir neçə səs qaldıran dövlət varsa, onlar da xəta-bəladan uzaq olmaq, yaxud yararlanmaq üçün bu addımı atırlar. Bilirəm ki, bəziləri baş verənləri az qala dinlər müharibəsi kimi təqdim etmək istəyir. Bu əsla belə deyil, keçmiş Yuqoslaviyada müsəlman bosniyalıların qırğını olanda bütün dünya baş qaldırdı, etiraz etdi. Bu susqunluq İrana 47 ildir ki, rəhbərlik edənlərin fəaliyyətinin nəticəsidir. Ən dəhşətlisi də odur ki, ölkəsini cəhənnəmə döndərən rejim sahiblərinin balaları kafir adlandırdıqları dövlətlərdə istirahət edirlər, bir çoxları da yaşayıb, işləyirlər. İram rejiminin dəstəklədiyi Yasir Ərəfat öləndən sonra onun xristian həyat yoldaşının və digər qohumlarının xarici ölkələrdə milyardlarla hesabları üzə çıxdı. Əminəm ki, rejimin rəhbər şəxslərinin də xarici ölkələrdə milyardları üzə çıxacaq.
Ona görə də bu gün hər birimiz faciənin alovlanmasına yox, tezliklə bitməsinə çalışmalıyıq. Mənim üçün ən əsası Vətənimin bu faciələrdən kənarda qalmasıdır. Ona görə də bu hadisələrin baiskarlarını İslamın, həqiqətin, mənəviyyatın, mərdliyin nümunəsi kimi göstərmək, az qala İslam yolunda şəhid kimi təqdim etmək lazım deyil. Bir dövlətin, xalqın faciələrlə üz-üzə qalmasında günahkar birinci növbədə ona başçılıq edənlərdir”, – Aslan İsmayılov deyib.