ABŞ SEPAH-ın komanda-idarəetmə məntəqələrini və İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyini açıqlayıb...
ABŞ Silahlı Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə məntəqələrini və ölkənin digər hərbi infrastruktur obyektlərini məhv etdiyini açıqlayıb.
Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi məlumat yayıb.
ABŞ hərbi komandanlığının X sosial şəbəkəsində dərc etdiyi açıqlamada bildirilir ki, Amerika qüvvələri İranın hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatları üçün buraxılış qurğularını, həmçinin hərbi aerodromları sıradan çıxarıb. Məlumatda qeyd olunur ki, ABŞ Silahlı Qüvvələri İran tərəfindən qaynaqlanan təhlükələrə qarşı tədbirlər görməyə davam edəcək.
Rəsmi açıqlamada əməliyyatların detalları və zərbələrin dəqiq coğrafiyası barədə geniş məlumat verilməsə də, hədəflərin əsasən hərbi infrastruktur və müdafiə imkanları ilə bağlı obyektlər olduğu vurğulanır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə və Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Qarşılıqlı hücumlar nəticəsində regionda təhlükəsizlik vəziyyəti ciddi şəkildə gərginləşib.
İrana endirilən raket zərbələrinin ölkə üzrə 130 yaşayış məntəqəsini əhatə etdiyi bildirilir. İran Qızıl Aypara Cəmiyyətinin martın 2-nə olan məlumatına əsasən, İslam Respublikasına qarşı hücumların başlanmasından etibarən ölənlərin sayı 555 nəfərə çatıb. Rəsmi qurumlar yaralıların sayı və dağıntıların miqyası ilə bağlı əlavə məlumatların araşdırıldığını bildirir.
Hazırda tərəflər arasında hərbi-siyasi qarşıdurma davam edir və beynəlxalq ictimaiyyət vəziyyətin daha da eskalasiyaya uğramaması üçün çağırışlar edir.
Poliqon.info