Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Orxan Gəraylının (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılıb və Orxan Gəraylıya 4 il 7 ay cəza təyin olunub.
İttihama görə, təqsirləndirilən şəxs Fərəc Nağıyev 16 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan–Xocasən yolunun 2,5-ci kilometrliyində Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olub.
Müəyyən edilib ki, sürücü müvafiq qanunun tələblərinə riayət etməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, cinayətkarcasına etinasızlıq göstərərək avtomobili icazə verilən sürətdən artıq – saatda 100 km sürətlə idarə edib.
İş materiallarına əsasən, həmin vaxt S.S.-in (adı, soyadı şərtidir) idarə etdiyi “MAZ 543302-2120” markalı yük avtomobili sağ tərəfdən yola daxil olaraq minik maşınının hərəkət zolağına çıxıb. Lakin yüksək sürət səbəbindən Fərəc Nağıyev idarə etdiyi nəqliyyat vasitəsini tam dayandırma həddinə qədər azalda bilməyib. Nəticədə minik avtomobili yük avtomobilinin sol yan hissəsi ilə toqquşub.
Qəza nəticəsində “Tofaş” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin – 2007-ci il təvəllüdlü Sadiq Həsənli ağır xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxs baş beyin toxumasına, beyin mədəciklərinə və beyin qişaları altına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, sol bud sümüyünün aşağı üçdə bir hissəsinin qapalı, yerdəyişmiş sınığı, eləcə də sol diz oynağının əzilmiş yaraları kimi xəsarətlər alıb. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olub.
Ekspertiza rəyi ilə müəyyən edilib ki, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına qansızma xəsarətləri zərərçəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olub.
Beləliklə, Fərəc Nağıyevin yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi kimi qiymətləndirilib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fərəc Nağıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov