"Mürəkkəb geosiyasi və böhranlı iqtisadi vəziyyətdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası mühüm əhəmiyyət kəsb edir. Bu, toplantı təkcə Cənub Qaz Dəhlizi deyil, əsas etibarilə də Azərbaycan qazına, enerji resurslarına beynəlxalq miqyasda, xüsusilə də Avropada marağın daha da artdığını göstərir".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu maraq ildən-ilə toplantıda iştirakçı dövlətlərin sayının artmasında da özünü göstərir:
“Əgər ən son keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti iştirak etmişdisə, bu dəfəki toplantıda biz iştirakçı sayının artdığının şahidi oluruq. Belə ki, bu gün işinəı başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılır. Bu da Cənub Qaz Dəhlizinə olan maraqdan, ən əsası da Azərbaycanın enerji resurslarına yaranmış ciddi tələbatdan irəli gəlir. Bildiymiz kimi Rusiya-Ukrayna böhranı Avropanın enerji ilə təminatında ciddi problemlərə yol açıb. Rusiyaya Aİ-nin tətbiq etdiyi sanksiyalar əksər Avropa ölkələrini Rusiya qazından məhrum edib. Belə bir halda isə qoca qitə üçün Azərbaycan əlverişli enerji mənbəyi rolunu oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən iclasına marağın artması təsadüfi deyil. Bu həm də onun sübutudur ki, artıq Avropa onun enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əvəzedilməz rol oynadığının fərqindədir”.
Arzuman Muradlı əmindir ki, yaxın vaxtlarda Avropada Azərbaycan qazının alıcıları artacaq.
Süleyman