Britaniyanın nüfuzlu nəşri The Financial Times İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı hazırlandığı iddia edilən sui-qəsd planının pərdəarxası məqamlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Tehrandakı yol nəzarət kameralarının demək olar ki, hamısı kiberhücum nəticəsində ələ keçirilib, görüntülər şifrələnərək Təl-Əviv və İsrailin cənubundakı serverlərə ötürülüb.
Məlumata əsasən, kameralardan biri xüsusilə “dəyərli” hesab olunub. Onun baxış bucağı ciddi mühafizə olunan hökumət kompleksində əməkdaşların şəxsi avtomobilləri harada park etdiyini müəyyən etməyə imkan verib və ərazidəki gündəlik hərəkətlilik barədə geniş təsəvvür yaradıb. Bildirilir ki, bu məlumatlar illərlə davam edən kəşfiyyat kampaniyasının bir hissəsi olub.
FT-nin istinad etdiyi mənbəyə görə, real vaxt rejimində ötürülən məlumat axını yüzlərlə müxtəlif kəşfiyyat mənbələrindən yalnız biri idi. İddiaya əsasən, bu məlumatlar vasitəsilə İsrail və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Xameneinin konkret hansı vaxtda ofisində olacağını və həmin anda onun yanında kimlərin yerləşəcəyini dəqiqləşdirə bilib.
Bundan əlavə, İsrailin Tehranın Paster küçəsi ətrafında mobil rabitə qüllələrinin işini pozduğu, nəticədə telefonların “məşğul” siqnalı verdiyi və mühafizəçilərin mümkün xəbərdarlıqları ala bilmədiyi vurğulanır.
Nəşrə danışan israilli kəşfiyyat əməkdaşı deyib: “Zərbələrdən çox əvvəl biz Tehranı Qüdsü tanıdığımız kimi tanıyırdıq”.
Musavat.com