AZ

85 yaşını tamam edən “Şöhrət” ordenli hüquq müdafiəçisi

Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu 85 illik yubileyini qeyd edir.

Vətəndaş cəmiyyətinin uzun illərdir fəal simalarından biri olan Novella xanımın ictimai-siyasi və hüquq müdafiəçiliyi fəaliyyəti geniş ictimai maraq doğurur.

QHT.az onun həyat və fəaliyyətinə dair bəzi məqamları oxuculara təqdim edir.


3 mart 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu (Cəfərova) bu gün 85 yaşını qeyd edir.

 

Təhsil və əmək fəaliyyəti

Novella xanım 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra kimyaçı-mühəndis kimi mərkəzi regional laboratoriyada əmək fəaliyyətinə başlamışdır.

O, Cənub Geoloji Ekspedisiyası, Baş Geoloji İdarə və Azərbaycan Əlvan Metallurgiya Elmi-Tədqiqat Laboratoriyasında müxtəlif vəzifələrdə çalışmış, 1986-cı ildən isə Bakı Dövlət Universitetində fəaliyyətini davam etdirmişdir.

Hüquq müdafiəçiliyi fəaliyyəti

1989-cu ildə yaradılmış Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-cü ildə sədri seçilmiş Novella Cəfəroğlu uzun illərdir qadın hüquqlarının və ümumilikdə insan hüquqlarının müdafiəsi istiqamətində fəal fəaliyyət göstərir.

O, Azərbaycan Milli Azadlıq Hərəkatının üzvlərindən biri olmuş, 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir. 2014-cü ildən etibarən insan hüquqları üzrə fəaliyyət göstərən qrupların və Cənubi Qafqaz İnsan Hüquqları Müdafiə Şəbəkəsinin üzvü olmuş, Cənubi Qafqaz Qadınlar Konqresinin təsisçilərindən biri kimi çıxış etmişdir. Həmçinin “Qafqazda birgə işləmək” şəbəkəsinin həmsədri olmuş, 2016-cı ildən Açıq Hökumət Platformasında təmsil olunmuşdur.

Novella xanım 500-dən artıq layihənin koordinatoru olmuş, çoxsaylı elmi məqalə və kitabların müəllifidir.

Siyasi fəaliyyəti

Novella Cəfəroğlu müxtəlif dövrlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasınin üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın proporsional siyahısında 9-cu sırada yer almış, lakin deputat seçilə bilməmişdir.

2000-ci ildə partiya daxilində baş verən bölünmədən sonra klassiklər qanadında fəaliyyət göstərmiş, daha sonra bir sıra siyasətçilərlə birlikdə Müsavat Partiyasına qoşulmuşdur. 11 sentyabr 2024-cü ildə isə Müsavat Partiyası sıralarından istefa verdiyini açıqlamışdır.

Təltif və mükafatlar

Novella Cəfəroğlu 1998-ci ildə Açıq Cəmiyyətin inkişafına görə Avropa Şurası və ABŞ-ın Beynəlxalq Marşall mükafatı ilə təltif edilmişdir. 2007-ci ildə ABŞ Dövlət Departamentinin “Beynəlxalq Cəsur Qadın” mükafatına layiq görülmüşdür.

2021-ci ildə isə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Uzun illərdir vətəndaş cəmiyyətinin fəal simalarından biri olan Novella Cəfəroğlu insan hüquqları, qadın hüquqları və ictimai fəallıq sahəsində xidmətləri ilə tanınır.


QHT.az kollektivi olaraq Novella xanımı 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və insan hüquqlarının müdafiəsi yolunda davamlı uğurlar arzulayırıq.

Onun illərlə formalaşmış prinsipial mövqeyi və ictimai fəallığı vətəndaş cəmiyyəti üçün örnəkdir.

Seçilən
10
qht.az

1Mənbələr