Məqsəd revanşist niyyətləri qızışdırmaqdır
Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Uzun illər toxunulmaz sayılan kilsə ilk dəfədir ki, siyasi proseslərin mərkəzində bu qədər sərt şəkildə tənqid olunur. Kilsə rəhbərliyi baş verənləri mənəvi dəyərlərə və ənənələrə yönəlmiş təzyiq kimi təqdim etməyə çalışsa da, hakimiyyət nümayəndələri məsələnin sırf hüquqi müstəvidə qiymətləndirilməli olduğunu vurğulayırlar. Onların fikrincə, dini institutun açıq siyasi mövqe sərgiləməsi mənəvi missiyanın sərhədlərini aşır. Ölkədə taleyüklü parlament seçkilərinin yaxınlaşması hakimiyyət–kilsə qarşıdurmasını daha da kəskinləşdirir və tərəflərin ritorikasını sərtləşdirir.
Bu istiqamətdə “Hraparak” qəzetinin dünənki sayında yazılanlar maraq doğurur. Qəzet qeyd edir ki, hakim “Mülki müqavilə” partiyasının nümayəndələri seçkilər ərəfəsində Erməni Apostol Kilsəsi ilə qarşıdurmanın siyasi qüvvənin nüfuzuna zərər vura biləcəyini düşünürlər. Nəşrin məlumatına görə, fevralın 22-də Sevan şəhərindəki Müqəddəs Arxangel kilsəsində Baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən liturgiya zamanı bütün ermənilərin katolikosu II Qareginin adının çəkilməsi hakim komanda daxilində anlaşılmazlıq yaradıb. Qəzet qeyd edir ki, partiya daxilində seçkilərə qədər “atəşkəs”ə üstünlük verilməsi meyili güclənir. Onların qənaətincə, iyunun 7-də keçiriləcək seçkilərdə qələbə qazanılacağı təqdirdə, “məsələ öz-özünə həllini tapacaq” və katolikos könüllü şəkildə istefa verəcək.
Məqalədə əskini tapan fikirlərin təhlilinə keçmədən öncə qeyd edək ki, “Hraparak” Ermənistanın müstəqil gündəlik qəzetlərindən biridir. Uzun illərdir ki, nəşrin sahibi və baş redaktoru Arpine Ohanyandır. “Hraparak” adətən müxalif tonlu, tənqidi materialları ilə seçilir və xüsusilə Paşinyan hakimiyyətinə qarşı sərt mövqedən çıxış edən yazılar dərc edir. Bununla belə, o, rəsmi olaraq hansısa partiyanın orqanı sayılmır və özünü müstəqil media kimi təqdim edir. Qəzet 2008-ci ildən fəaliyyət göstərir və daha çox daxili siyasi proseslər, hakimiyyət daxilindəki müzakirələr və kuluar məlumatları ilə tanınır. Onun yaydığı məlumatlar bir çox hallarda sonradan öz təsdiqini tapır. Bu baxımdan Ermənistanda və ondan kənarda qəzetə ciddi informasiya mənbəyi kimi yanaşılır.
Yazıda qeyd edilən Ermənistanda hakimiyyətin seçkiyə qədər kilsə ilə münasibətlərdə nisbi sakitlik xətti götürməsi fikri təsadüfi addım kimi görünmür. Bu, daha çox siyasi zərurətdən doğan taktiki manevr təsiri bağışlayır. Çünki son aylarda kilsəyə qarşı sərt ritorika, xüsusilə katolikosun istefası tələbi ətrafında aparılan kampaniya cəmiyyətdə birmənalı qarşılanmadı. Hakim komanda üçün əsas risk dini məsələnin siyasi gündəliyi üstələməsi və sosial narazılığı dərinləşdirməsi idi. Seçkilər ərəfəsində iqtidar üçün ən vacib məsələ elektoratı parçalamamaqdır. Etiraf etmək lazımdır ki, Ermənistan cəmiyyətində isə kilsənin tarixi və simvolik çəkisi böyükdür. Hətta hakimiyyətə tənqidi yanaşan seçici də dini institutun açıq şəkildə hədəfə alınmasını həzm etməyə bilər. Bu mənada atəşkəs qərarı emosional qarşıdurmanı yumşaltmaq, gündəliyi sosial-iqtisadi və təhlükəsizlik mövzularına yönəltmək cəhdidir.
Digər tərəfdən, bu taktika hakimiyyətin geri çəkilməsi anlamına gəlmir. Əksinə, prosesə daha soyuq hesabla yanaşma görüntüsü yaradır. Məntiq sadədir: seçkidən sonra siyasi legitimlik möhkəmlənərsə, kilsə daxilindəki parçalanma və din xadimlərinin bir qisminin mövqeyi fonunda məsələ fərqli mərhələyə keçə bilər. Yəni indi sükut, sabah isə yeni konfiqurasiya ehtimalı var. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, qarşıdurma artıq sırf dini çərçivədə deyil. Postmüharibə reallıqları, sülh gündəliyi və Ermənistanın xarici siyasi kursu fonunda kilsə bir növ alternativ fikir mərkəzinə çevrilib. Hakimiyyət isə bu mərkəzin seçki öncəsi fəallaşmasının əlavə risklər yaradacağını anlayır. Ona görə də açıq toqquşma əvəzinə müvəqqəti pauza seçilir.
Bu addım həm də cəmiyyətə mesajdır ki, iqtidar qarşıdurma axtarmır, sabitlik istəyir. Lakin seçici də anlayır ki, problem aradan qalxmayıb, sadəcə dondurulub. Katolikosun istefası məsələsi gündəmdən çıxmayıb, yalnız arxa plana keçib. Seçkilərin nəticəsi isə bu mövzunun taleyini müəyyənləşdirə bilər. Hakimiyyətin atəşkəs xətti zəiflik deyil, vaxt qazanmaq strategiyası kimi də qiymətləndirilə bilər. Ermənistan siyasi səhnəsində hazırda əsas sual budur ki, tərəflər seçkidən sonra yenidən üz-üzə gələcək, yoxsa qarşıdurma yeni format alacaq? Mövcud durum göstərir ki, sükutun özü də mübarizənin bir formasıdır və proses hələ bitməyib.
***
Bundan əlavə, kilsənin müqavimət strategiyası yalnız daxildən qaynaqlanmır. Katolikos II Qaregin revanşist dairələrlə və ölkənin ikinci prezidenti Robert Koçaryanla birbaşa əlaqəlidir. Bu da kilsənin bəyan etdiyi mənəvi dəyərlərlə uzlaşmadığını, onun siyasi oyunlarla məşğul olduğunu göstərir. Bu istiqamətdə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər diqqəti cəlb edir. “Bütün din xadimləri yadda saxlamalıdırlar ki, onlar Erməni Apostol Kilsəsinə və xalqa xidmət edirlər, Robert Koçaryanın qərargahına və oliqarxların maraqlarına yox”, – deyən Rubinyan əlavə edib ki, heç bir din xadimi partiya mənsubiyyətinə görə kilsəyə gələnləri ayrı-seçkiliyə məruz qoymamalıdır. Onun sözlərinə görə, kilsə rəhbərləri ictimai etimadı qorumağa və siyasi təsirlərdən uzaq durmağa borcludurlar. Vitse-spiker vurğulayıb ki, hakimiyyət yalnız ictimai sabitliyi təmin etmək üçün nəzarət aparır, dini institutun daxili işlərinə müdaxilə etmir. Eyni zamanda, Rubinyan kilsə ilə dialoqun davam etdirilməsinin vacibliyini, qarşılıqlı anlaşmanın yalnız uzunmüddətli sülh və sabitliyə xidmət edəcəyini qeyd edib.
R.Rubinyanın açıqlaması bir daha göstərir ki, kilsə Qarabağ klanının, necə deyərlər, xaç atası hesab olunan R.Koçaryanla, Rusiyameyilli oliqarxlarla sıx əlaqəlidir. Onlar sinxron hərəkət edirlər. Bu əlaqələr kilsənin bəyan etdiyi mənəvi missiyanın həqiqi mahiyyətinə ziddir. II Qaregin Ermənistana bəlalar yaşatmış, keçmişin qalığı olan siyasi dairələrlə yaxınlığı həm kilsə daxilində, həm də cəmiyyətin geniş təbəqələrində narazılıq doğurur. Belə münasibət kilsənin nüfuzuna xələl gətirir və dini institutun tərəfsiz imicini zəiflədir. Revanşist dairələrdən gələn təsirlər kilsə qərarlarının obyektivliyini şübhə altına alır. Bu, həm də hakimiyyət üçün əlavə risk yaradır, çünki seçki öncəsi sosial gərginliyi artırmaq potensialı daşıyır. Kilsə ilə siyasi qüvvələr arasındakı bu koordinasiya, həmçinin cəmiyyətdə qütbləşməni gücləndirir. Nəticədə, II Qaregin və onun müttəfiqlərinin fəaliyyəti yalnız dini və mənəvi sahə ilə məhdudlaşmır, həm də açıq siyasi təsir elementləri daşıyır. Bu isə Ermənistanın ictimai-siyasi sabitliyinə əlavə təzyiq göstərir.
Səxavət HƏMİD
XQ