AZ

ABŞ və İsrail İranın cənubundakı Cask limanına aviazərbə endirib

Hücum nəticəsində 100-dən çox balıqçı barjasının yandığı və xəsarət alanların olduğunu bildirilir...

Poliqon xəbər verir ki, bu barədə İranın ISNA Agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ və İsrail hərbi hava qüvvələri İranın cənubunda yerləşən Cask limanına aviazərbə endirib. Hücum əsasən limanın balıqçılıq məqsədli istifadə olunan hissəsinə yönəlib.

Məlumata görə, zərbə balıqçıların istifadə etdiyi körpüyə dəyib. Nəticədə 100-dən artıq balıqçı barjası alovlanıb və ciddi maddi ziyan yaranıb. Hadisə zamanı insanların xəsarət aldığı bildirilsə də, ölənlərin sayı barədə rəsmi açıqlama verilməyib. Yanğının söndürülməsi və dağıntıların aradan qaldırılması istiqamətində fövqəladə xidmətlərin iş apardığı qeyd olunur.

Hadisə ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hərbi əməliyyat fonunda baş verib. Həmin gün səhər saatlarında İranın bir sıra şəhərlərinə, o cümlədən paytaxt Tehrana zərbələr endirildiyi bildirilib. Rəsmi mənbələrə görə, əməliyyat İranın hərbi və strateji obyektlərini hədəfə alıb.

Tehran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Regionda qarşılıqlı hücumlar təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib və beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb.

Martın 2-də ABŞ prezidenti Donald Trump bəyan edib ki, İrana qarşı hərbi əməliyyat 4–5 həftədən daha uzun müddət davam edə bilər. Ağ Evin rəhbəri bildirib ki, əməliyyatın tezliklə başa çatacağı gözlənilmir və proses onun üçün “yorucu və ya darıxdırıcı” hesab edilmir. Prezident eyni zamanda vəziyyətin ciddi və mürəkkəb olduğunu etiraf edib.

Analitiklər hesab edirlər ki, Cask limanına endirilən zərbə İranın cənub sahillərində iqtisadi və logistika imkanlarına təsir göstərə bilər. Cask limanı Fars körfəzi hövzəsində mühüm mövqeyə malikdir və regional ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Mövcud eskalasiya fonunda tərəflər arasında birbaşa hərbi qarşıdurmanın genişlənməsi riski yüksək olaraq qalır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr