AZ

“Heç bir maliyyə problemimiz yoxdu, mehribanlıqdı” – “nur şəhəri”ndən nurlu açıqlama

Mediada yazılanlara inansaq, 1-ci liqanın iddialılarından “Mingəçevir” maliyyə böhranı ilə üz-üzədi. Adnan Əhmədzadənin həbsindən sonra futbolçuların və texniki işçilərin maaşını verməyən klubun daxilində çaxnaşma yaşandığı deyilir.

Halbuki “Mingəçevir” bu mövsüm elitanı hədəfləyib. Qışda da sanballı transferlər ediblər. Bu məsələni dəqiqləşdirmək üçün klubun idarə heyətinin sədr müavini Ruslan Həmidovla əlaqə saxladıq. O, deyilənləri təkzib etdi:

“Mediada yazılanlar tam yanlışdı. Heç bir maliyyə problemimiz yoxdu, daxildə də hər şey qaydasındadı, mehribanlıqdı. Futbolçuların da, digər əməkdaşların da maaşı vaxtında verilir. Klubda heç bir maliyyə böhranından söhbət gedə bilməz”.

Ruslan Həmidov artıq stadionun təmirinə başladıqlarını, hədəfin elita olduğunu da dedi:

“Komanda çempionluq uğrunda oynayır. Son ana qədər mübarizə aparacağıq. Ümidimiz də var ki, bunu bacaracağıq. Futbolçular da, məşqçilər korpusu da, rəhbərlik də bunun üçün əlindən gələni edir. İnfrastruktur da bizim üçün olduqca vacib amildi. Stadionumuz işlərə başlayıb, təbii ot örtüyü salınır. Meydançanın özünə gəlməsi üçün vaxt lazım olacaq. Havalar qeyri-sabit keçir. İndi də bura yağış yağır. Havalar isindikcə bu işimiz də rahatlaşacaq. Stadiona su sistemi çəkilir, çən qoyulub. Hər birimiz “Mingəçevir”in uğurları üçün əlindən gələni edir”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
17
1
football-plus.az

2Mənbələr