AZ

Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş bildirib ki, aldığı avtomobildə bir gün sonra ciddi problemlər aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, nəqliyyat vasitəsini geri qaytarmağa cəhd etsə də, maşını satan adam onun bu istəyini rədd edib. Ümumiyyətlə, son zamanlar buna bənzər hallar çox yaşanır.

Bəs belə olan halda vətəndaş nə etməlidir?

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, avtomobil o halda geri qaytarıla bilər ki, alqı-satqı zamanı satıcı nəqliyyat vasitəsi barədə alıcıya yanlış məlumat versin, əhəmiyyətli nasazlıqları gizlətsin və ya avtomobilə qanunsuz müdaxilələr edilsin.

"Məsələn, yürüş göstəricisinin geri çəkilməsi, ağır qəzaya düşmüş avtomobilin bu fakt gizlədilməklə satılması və ya ciddi texniki qüsurların əvvəlcədən məlum olduğu halda alıcıya bildirilməməsi geri qaytarılma üçün hüquqi əsas yarada bilər. Lakin praktikada bu kimi hallarda tərəflər arasında münasibətlərin hüquqi müstəvidə həlli hər zaman asan olmur. Bunun əsas səbəblərindən biri də ətraflı yazılı müqavilənin olmamasıdır. Təəssüf ki, bəzi hallarda vətəndaşlar vergidən yayınmaq məqsədilə avtomobili etibarnamə əsasında ötürürlər. Bu zaman isə sonradan yaranan mübahisələrdə ödənilmiş məbləğin, razılaşdırılmış şərtlərin və ümumilikdə alqı-satqı faktının sübuta yetirilməsi xeyli çətinləşir", - deyə hüquqşünas bildirib.

Mütəxəssislər vurğulayırlar ki, bu cür problemlərlə qarşılaşmamaq üçün vətəndaş avtomobili almadan əvvəl mütləq şəkildə texniki baxışdan keçirməlidir. Yoxlanış prosesində isə təsadüfi şəxslərə deyil, bu sahədə ixtisaslaşmış peşəkarlara müraciət etmək tövsiyə olunur. Əks halda, sonradan yaranan peşmançılıq heç bir nəticə verməyə bilər.


Telegram kanalımız
Seçilən
12
3
yenisabah.az

4Mənbələr