Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Fonddan AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
Adi ipoteka kreditləri üzrə;
05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
Güzəştli ipoteka kreditləri üzrə;
06.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elektron imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.