AZ

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib

Kiyev, 2 mart, AZƏRTAC

Ukrayna müdafiəçiləri Aleksandrovsk istiqamətində doqquz yaşayış məntəqəsini azad etməyə nail olublar. Onların irəliləməsi davam edir.

AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Ukrayna hərbi komandanlığı diqqətə çatdırıb ki, Desant-Hücum Qoşunlarının döyüşçüləri cənub istiqamətdə ərazilərini azad etməyə davam edirlər. “Zonamızda üç yaşayış məntəqəsi düşməndən təmizlənib və hazırda daha bir neçə yaşayış məntəqəsinin azad edilməsi üzərində işlər görülür”, - deyə Baş Qərargah bildirib.

Əlavə olunub ki, müdafiə qüvvələri canlı qüvvələrə və avadanlıqlara dəqiq və kütləvi zərbələr endirərək, Rusiya qoşunlarının möhkəmləndirilmiş mövqelərdən planlı şəkildə sıxışdırılmasını həyata keçirir. Hava kəşfiyyat bölmələri və FPV ekipajları hədəflərin müəyyən edilməsində və məhvində əsas rol oynayır. Əməliyyatın əsas mərhələlərindən biri rusiyalıların Starlink şəbəkəsinə girişini məhdudlaşdırmaq idi ki, bu da onların vəziyyət barədə məlumatlılığını əhəmiyyətli dərəcədə azaltdı və bölmələrin idarə edilməsini çətinləşdirdi. Lojistik çətinliklərə və bəzi ərazilər üzərində nəzarəti itirməsinə baxmayaraq, Rusiya ordusu hücum cəhdlərini davam etdirir.

Qeyd edək ki, Aleksandrovsk istiqaməti cəbhənin Dnepropetrovsk, Donetsk və Zaporojye bölgələrinin qovuşuğunda yerləşir.

Xatırladaq ki, fevral ayının sonlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Cənub Əməliyyat Zonasında hücum əməliyyatı zamanı Ukrayna Müdafiə Qüvvələrinin səkkiz yaşayış məntəqəsini və təxminən 400 kvadrat kilometr ərazini azad etdiyini açıqlamışdı. O bildirib ki, Aleksandrovsk istiqamətində uğurlu əməliyyatlar bu ilin yanvar ayından bəri davam edir. Desant-Hücum Qoşunları bölmələri irəliləyişdə və təşəbbüsü qoruyub saxlamaqda əsas rol oynayır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
31
6
azertag.az

10Mənbələr