AZ

Nuru paşa və Türkeli dövləti

BAKI, 2 mart. TELEQRAF

Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanın anım günüdür. Nuru paşanın sayəsində 15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad edilib, Azərbaycan Cümhuriyyəti növbəti mərhələyə qədəm qoyub.

Türkiyədə cümhuriyyətin elanından sonra Nuru paşa aktiv hərbi fəaliyyətdən çəkilsə də, qardaş ölkədə müdafiə sənayesinin inkişafında xüsusi rol oynayıb. Onun qurduğu silah fabriki gənc respublikanın və qonşu dövlətlərin müdafiəsində müəyyən qədər rol oynayıb.

Nuru paşa İkinci Dünya müharibəsi dövründə yenidən aktivləşib, almanların ildırımsürətli qələbəsindən sonra türk ellərinin azad ola biləcəyini düşünüb. Bu məqsədlə alman rəsmiləri ilə görüşüb, Türkeli adında bir dövlət layihəsi hazırlayıb.

Türkiyə arxivlərində həmin layihənin bir nüsxəsi qorunub saxlanılıb. Həmin sənədə görə Türkelinin sərhədləri bu şəkildə müəyyən edilib:

Qərbdə: şimal və cənubda rus olmayan əraziləri əhatə edən əsas Volqa (İdil) çayı xətti;
Şimalda: etnik və geosiyasi meyarlara əsasən müəyyən ediləcək sərhədlər;
Asiya istiqamətində: sovet türk respublikalarının şimal sərhədlərində müəyyən düzəlişlər;
Şərqdə: sovet türk respublikalarının şərq sərhədləri ilə Şərqi Türküstanın şərq sərhədləri;
Cənubda: sovet türk-islam respublikalarının cənub sərhədləri.

Bundan əlavə Qafqaz və Krım bölgələrinin Türkiyəyə və ya Türkeli dövlətinə birləşdirilməsi hədəflənirdi.

Layihədə “İrq sərhədlərinin möhkəmləndirilməsi” başlığı altında qeyd olunurdu ki, rus imperialist siyasəti uzun illər ərzində türk irqinə məxsus sərhədləri aradan qaldırmağa çalışıb. Müəyyənləşdirilən coğrafi sərhədlər eyni zamanda etnik sərhədlər kimi qəbul edilməli, bu sərhədlərdən kənarda türk əhalisi qalmamalıdır. Milli sərhədlərdən kənarda qalan türklər assimilyasiyadan qorunaraq məcburi köç yolu ilə milli sərhədlər daxilinə gətirilməlidir. Ətrafdakı qardaş xalqlar da xüsusiyyətləri nəzərə alınmaqla milli sərhədlərə daxil edilməlidir.

Proqramda torpaq, təhsil və digər sahələr üzrə planlaşdırmalar da yer alıb. Xüsusilə dil birliyinin təmin olunması nəzərdə tutulub; türk irqinin qədim düşmənləri tərəfindən tətbiq edilən müxtəlif əlifbalar vahid yazı dili üçün birləşdirilməli və əsas əlifba kimi latın qrafikası qəbul edilməlidir.

Türkeli dövlətində dini azadlıq əsas prinsip kimi qəbul ediləcək, lakin dinin dövlət və ictimai işlərə müdaxiləsinin qarşısı alınacaq, din cəmiyyətin mənəvi-əxlaqi dayağı kimi qalacaqdır. Mətbuat azadlığı təmin ediləcək, lakin milli birlik prinsiplərinə zidd fikirləri yayan nəşrlərə dövlət tərəfindən icazə verilməyəcəkdir.
Türkeli dövlətinin xarici əlaqələri onun inkişafını və güclənməsini təmin edəcək şəkildə tənzimlənəcəkdir. Suverenlik xalqa məxsus olacaq; Millət Məclisi xalq adından suverenliyi həyata keçirəcək, dövlət başçısı Millət Məclisi tərəfindən seçiləcək və dövlət işləri dövlət başçısının təyin etdiyi hökumət vasitəsilə idarə olunacaqdır.

Nuri Killigil hazırladığı hesabatlarda tatar ziyalılarından Əhməd Temirin, azərbaycanlılardan Zəngəzurdan olan sabiq millət vəkili Məhəmmədsadıq Aranın və türkistanlı Məcdəddin Dəlilin dəstəyini alıb.

Nuru paşanın türk xalqlarının vahid dövlət çətiri altında birləşdirilməsi istiqamətində fəaliyyəti amerikalılar tərəfindən ələ keçirilmiş alman arxiv sənədləri ilə də təsdiqlənir. Alman Xarici İşlər Nazirliyinin əməkdaşı Vörmannın imzası ilə tərtib edilmiş hesabatda Nuru paşanın keçirdiyi görüşlər, irəli sürdüyü fikirlər barədə məlumat verilib. Vörmann 26 sentyabr 1941-ci il tarixli qeyddə Nuru paşa ilə 11, 18 və 25 sentyabr tarixlərində görüşdüyünü bildirib, onun Türkiyənin mövcud sərhədlərindən kənarda yaşayan türk xalqları üçün müstəqil dövlətin yaradılmasını müdafiə etdiyini yazıb.

Qeydə əsasən, Nuru paşa ilkin mərhələdə Sovet İttifaqındakı türk xalqlarını nəzərdə tutduğunu bildirib, düşüncəsindəki “türk xəritəsi”ni belə təsvir edib: ilk növbədə Azərbaycan və onun şimalında yerləşən Dağıstan bölgələri — yəni bütün Zaqafqaziya deyil — daha çox Krım, Volqa və Ural arasındakı geniş ərazi, eləcə də şimalda paytaxtı Kazan olan Tatar Muxtar Sovet Respublikasına qədər uzanan sahələr. Bu ərazilərin bir hissəsində əhalinin əksəriyyətini türk xalqları, digər hissəsində isə müxtəlif azlıqlar təşkil edirdi. Bundan əlavə Nuru paşa bütün keçmiş Türküstan bölgəsini, hətta formal olaraq Çinə məxsus, lakin həmin dövrdə sovet nüfuzu altında olan keçmiş Şərqi Türküstanın qərb hissəsini (indiki Sincan) də bu çərçivəyə daxil edib. O, həmçinin İranın şimal-qərbindən Həmədana qədər uzanan ərazini və keçmiş sovet sərhədi boyunca Xəzər dənizinin cənub-şərq ucundakı Şimali İran sərhəd zolağını türk xalqına aid hesab edib, əlavə olaraq İraqdakı Kərkük və Mosul bölgələrini, eləcə də Suriyanın sərhəd zolağını da bu əraziyə daxil edib.

Vörmann Atatürkün Türkiyənin tamamilə milli dövlət olaraq qalmasını arzuladığını, yalnız müəyyən sərhəd düzəlişlərini nəzərdə tutduğunu və mövcud torpaqlar xaricində hər hansı məqsəd güdmədiyini bildirdikdə, Nuru paşa Atatürkün bu siyasətinin Sovetlərə duyulan qorxudan qaynaqlandığını və Almaniya ilə əməkdaşlıq şəraitində Sovetlərin məğlub ediləcəyi təqdirdə bu yanaşmanın aktuallığını itirəcəyini vurğulayıb. Alman Siyasi Dairəsinin rəhbərinin qeydinə görə, Nuru paşa Türkiyə hökumətindən gizli fəaliyyət göstərmədiyini və Berlinə yola düşməzdən əvvəl Baş nazir Rəfiq Saydamı məlumatlandırdığını bildirib.

Sənəddə Nuru paşanın bəzi tələblərinə də yer verilib. Buna görə, türk mənşəli və ümumilikdə müsəlman olan bütün sovet hərbi əsirlərinin ayrılaraq əvvəlki müharibədə tətbiq edilmiş Vünsdorf modelinə uyğun xüsusi düşərgədə yerləşdirilməsi nəzərdə tutulurdu. Həmin əsirlərdən panturanist istiqamətli xüsusi hərbi birliyin yaradılması imkanının da nəzərdən keçirilməsi tələb edilirdi. Bundan başqa, türk xalqlarının sıx yaşadığı bölgələrin idarəçiliyinin yerli türk və müsəlman əhaliyə verilməsi istənilirdi.

Nuru paşanın bu təşəbbüsləri gerçəkləşməyib, Almaniyadan gözlədiyi dəstəyi ala ala bilmədiyi üçün məyusluqla geri qayıdıb. Onun Almaniyadan ölkədən çıxarıldığına dair iddialar da mövcuddur...

Seçilən
17
teleqraf.com

1Mənbələr