AZ

Bölgənin taleyini seçkilər müəyyənləşdirəcək?

Ermənistanın baş naziri Nikol Paşinyanı 2018-ci ildə verdiyi vədləri reallaşdırmamaqda qınayanlar, həm də onun Azərbaycanla olan münasibətlərini "ölkənin satılması" kimi qələmə verənlər iyunun 7-də keçiriləcək seçkiqabağı kampaniya ərəfəsində daha da fəallaşıblar. Hətta Ermənistanın ikinci prezidenti, müharibə canisi Robert Koçaryan, həmçinin  "Güclü Ermənistan” Partiyasının dəstəklədiyi Samvel Karapetyan nəyin bahasına olursa-olsun hazırkı iqtidara qarşı vahid müqavimət cəbhəsi formalaşdırmağa çalışırlar. Bu məqsədlə onlar elektoratın səfərbər olunmasına yönəlmiş addımlar atır, regionlara səfərlər edirlər. Digər müxalif partiyalar da seçkilərdə fəal iştirak etmək üçün danışıqlar aparırlar. Bir sözlə, Ermənistandakı bütün müxalifət, revanşist güclər Paşinyana qarşı birləşməyə çalışırlar. Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan özünün “Facebook” səhifəsində yazıb ki, parçalanmış müxalifəti birləşdirə biləcək yeganə qüvvə iş adamı Samvel Karapetyandır. Onun sözlərinə görə, Karapetyan bu məqsədə çatmağa qadirdir. “Güclü Ermənistan” Partiyasının İdarə Heyətinin üzvü Narek Karapetyan da onu dəstəkləyərək deyib: "Ermənistanın Samvel Karapetyana ehtiyacı var".

Bu məsələdə Erməni Apostol Kilsəsi də siyasi aktor kimi çıxış edir. Yeri gəlmişkən qeyd edək ki, son ayların müşahidələri göstərir ki, Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərinə qarşı mübarizədə istəyinə nail ola bilməkdə çətinlik çəkir.  Görünür, bu məsələdə ona ciddi təzyiqlər var. Xatırladaq ki, bir müddət öncə Paşinyan "dənizdən-dənizə böyük Ermənistan" xülyasından qurtulmayan, onu tənqid hədəfinə çevirən II Qaregini vəzifəsindən uzaqlaşdırmaq planını açıqlamış və katolikosu devirmək hərəkatına şəxsən rəhbərlik etmək niyyətində olduğunu bildirmişdi.

Şübhəsiz, indidən hadisələrin necə cərəyan edəcəyi barədə fikir söyləmək çətindir.  Amma görünən odur ki, seçkidə mövcud hakimiyyət qalib gəlsə, bu, Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını xeyli artıracaq. Yəni, normallaşma prosesi daha realist və hüquqi çərçivədə irəliləyəcək.

Qeyd edək ki, Paşinyan II Qarabağ müharibəsində məğlub olsa da, ondan sonra keçirilən seçkilərdə qalib gəlib. Bu aspektdən çıxış etsək, onun növbəti seçkilərdə qələbə qazanacaq ehtimalı yüksəkdir. Müxalif revanşistlər qalib gələcəkləri təqdirdə isə sülh gündəliyini ciddi şəkildə zəiflədə, yaxud da sülh sazişinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə sala bilərlər. Onların məqsədi də elə budur. Bu mənada Ermənistanda gözlənilən parlament seçkilərini və Konstitusiya referendumunu təkcə ölkənin daxili siyasi kursunu deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini müəyyən edən həlledici mərhələ hesab edənlər yanılmırlar.

Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsinə gəlincə, Azərbaycanın ən prinsipial tələbi də elə budur. Bir neçə gün öncə Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts jurnalistlərlə söhbətində bildirib ki, baş nazir Nikol Paşinyanın Konstitusiyanın preambulası ilə bağlı mövqeyi nəzərə alınacaq, lakin bu məsələyə hələ toxunulmayıb: “Bu məsələ artıq yüksək səviyyədə müzakirə olunub, baş nazir də bu barədə danışıb və biz də hökumət nümayəndələri kimi bunu nəzərə alırıq. Bu məsələni artıq müzakirə etmirik”.

Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Konstitusiyada öz əksini tapıb. Həmçinin qeyd olunub ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan qarşıdan gələn parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsi xahişi ilə Avropa İttifaqına müraciət edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr