AZ

Azərbaycanın qonşusu BOMBALANIR, Bakı KRİTİK təmaslarda

Yaxın Şərqdə yaranmış böhran vəziyyəti ilə əlaqədar intensiv diplomatik təmaslar davam edir. Region dövlətləri sərt bəyanatlar verir, beynəlxalq aktorlar isə diplomatik səyləri artırır. Azərbaycan da həm siyasi-diplomatik müstəvidə, həm də humanitar sahədə fəal rol oynayır.

Son sutka ərzində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir çox həmkarı ilə hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginliyi müzakirə edib. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla telefon danışığında isə Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Bundan başqa, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Paraqvay Respublikasının xarici işlər naziri Ruben Ramirez Lezkano ilə telefon danışığında bildirib ki, Qətər ərazisinin hədəfə alınması Qətərin milli suverenliyinin açıq şəkildə pozulmasıdır, mehriban qonşuluq prinsiplərinə ziddir və heç bir halda əsaslandırıla bilməz.

Mətin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Musavat.com-a bildirib ki, Azərbaycan xarici işlər naziri həm region ölkələrinin, eyni zamanda, regiona aid olmayan, ümumiyyətlə münaqişə tərəfi sayılmayan ölkələrin nümayəndələri ilə telefon danışıqları aparmaqda davam edir. O, vurğulayıb ki, danışıqların əsas mövzusu regionda hərbi eskalasiyanın azaldılması, münaqişənin başa çatdırılması və humanitar vəziyyətin yaxşılaşdırılmasıdır:

“Azərbaycan regionda münaqişənin başa çatmasına töhfə verməyə çalışır. Təbii ki, ölkəmiz ilk növbədə regionda sülhün qısa müddətdə bərqərar olmasında maraqlıdır. Bu məqsədlə, vəziyyətə müsbət təsir göstərə bilmək üçün müxtəlif ölkələrlə danışıqlar aparır. Azərbaycanın özünəməxsus rolu var. Ötən il 12 günlük müharibə dövründə Azərbaycan bir çox ölkəyə humanitar dəstək göstərib-bir çox ölkənin vətəndaşları İrandan məhz Azərbaycan vasitəsilə təxliyə olunub. Bu gün də Azərbaycan bu yardımı davam etdirir. Telefon danışıqlarında diqqətçəkən məqamlardan biri budur. Azərbaycan həm siyasi-diplomatik müstəvidə, həm də humanitar sahədə ayrı-ayrı ölkələrin vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılmasına çalışır”.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son açıqlamasında bildirib ki, ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb.

Nigar Həsənli
Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr