AZ

Tramp: “Belə şey əvvəl olmayıb” – İngilis bazası və İran planı

Donald Tramp "The Telegraph" qəzetinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmeri İranla bağlı zərbələr fonunda sərt tənqid edib.

Ölkə.Az xəbər verir ki, ABŞ prezidenti bildirib ki, o, Britaniyanın Çaqos arxipelaqında yerləşən Diyeqo Qarsiya hərbi bazasından İrana qarşı əməliyyatlarda istifadə icazəsinin gecikdirilməsinə görə “çox məyus olub”.

Trampın sözlərinə görə, London əvvəlcə Diyeqo Qarsiya və "RAF Fairford" bazalarının istifadəsinə beynəlxalq hüquqa istinad edərək icazə verməyib. Lakin bazar günü axşam Böyük Britaniya yalnız “konkret və məhdud müdafiə məqsədləri” üçün razılıq verib.

ABŞ prezidenti qeyd edib ki, “iki ölkə arasında əvvəllər belə hal baş verməyib” və Starmerin əsas narahatlığının hüquqi tərəflə bağlı olduğunu vurğulayıb.

Niyə Diyeqo Qarsiya vacibdir?

Məqalədə bazanın strateji əhəmiyyəti xüsusi qeyd olunur:

- Baza İranın cənub sahillərindən təxminən 2400 mil məsafədə yerləşir.
- Bu məsafə onu İranın ballistik raketlərinin əlçatmaz zonasına çıxarır.
- Eyni zamanda, baza ABŞ-ın B-2 bombardmançı təyyarələrinin əməliyyat radiusu daxilində qalır.

Çaqos arxipelaqı ətrafında mübahisə

Gərginlik fonunda Tramp Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi və bazanın 99 illik icarəyə götürülməsini nəzərdə tutan (təxminən 35 milyard funt sterlinq dəyərində) razılaşmaya dəstəyini geri çəkib. O, bu sazişi “very woke thing” (həddindən artıq liberal-siyasi korrekt qərar) adlandıraraq Böyük Britaniyanın mülkiyyət hüququnu saxlamalı olduğunu bildirib.

Qeyd edək ki, Tramp bu məsələ ilə bağlı mövqeyini daha əvvəl də bir neçə dəfə dəyişib – əvvəl razılaşıb, sonra tənqid edib, daha sonra yenidən dəstəkləyib və sonda yenə əleyhinə çıxış edib.

Burada diqqətçəkən əsas məqam Vaşinqton–London münasibətlərində ilk dəfə açıq şəkildə əməliyyat koordinasiyası böhranının üzə çıxmasıdır. Diyeqo Qarsiya ABŞ üçün Yaxın Şərqdə ən təhlükəsiz və strateji dərinliyə malik platformadır. Əgər Böyük Britaniya onun istifadəsinə siyasi və ya hüquqi şərtlər qoyursa, bu, ABŞ-ın regional hərbi planlamasında əlavə risk deməkdir.

Digər tərəfdən, Londonun “məhdud müdafiə məqsədləri” şərti göstərir ki, Böyük Britaniya birbaşa hücum əməliyyatlarının siyasi məsuliyyətini tam bölüşmək istəmir. Bu isə İranla müharibə ehtimalı fonunda Qərb daxilində vahid mövqenin zəiflədiyini göstərir.

Çaqos məsələsinin yenidən gündəmə gəlməsi isə göstərir ki, söhbət təkcə İrandan getmir – burada Hind okeanı hövzəsində uzunmüddətli strateji nəzarət uğrunda mübarizə də var. ABŞ üçün Diyeqo Qarsiya sadəcə baza deyil, Çin və İran kimi aktorların artan təsirinə qarşı geosiyasi dayaqlardan biridir.

Yəni məsələ şəxsi “məyusluq”dan daha genişdir. Bu, Qərb blokunda hərbi-siyasi koordinasiyanın nə qədər davamlı olduğu sualını ortaya qoyur.

Miri
Ölkə.Az

Seçilən
122
50
olke.az

10Mənbələr