AZ

Coy-Lens Mikels: “Hakimlər barədə danışıb cəzalanmaq istəmirəm” - MÜSAHİBƏ + FOTO

Ötən gün baş tutan “Qarabağ” - “Sabah” arasında keçirilən Azərbaycan Premyer Liqasının 22-ci turunun futbol oyunu 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Gərgin və maraqlı keçən qarşılaşmanın 61-ci dəqiqəsində Coy-Lens Mikels qonaqların üçüncü qolunu vuraraq, ümumilikdə 10 topla çempionatın bombardirlər siyahısında vahid liderə çevrilib.

Matçdan sonra 31 yaşlı hücumçu sportnet.az-a müsahibə verib.

- Oyun haqqında nə deyə bilərsiniz? 3:0 önə keçmişdiniz, amma matç heç-heçə ilə başa çatdı…

- Çox emosiyalı oyun oldu. Düşünürəm ki, 70 dəqiqə ərzində çox yaxşı çıxış etdik. 3:0 hesabı ilə irəlidə idik və oyuna nəzarət edirdik. Amma sonra bir az oyunu əldən verdik. “Qarabağ”ın nə səviyyədə komanda olduğunu bilirik, Çempionlar Liqası təcrübəsi olan, yüksək standartlara sahib komandadır. Təəssüf ki, sonda heç-heçə ilə kifayətləndik. Amma düşünürəm ki, bütün Azərbaycan üçün çox maraqlı və baxımlı oyun oldu. Bu, əsl derbidir və belə matçlarda xırda detallar hər şeyi həll edir.

- Konsentrasiyanı harada itirdiniz ki, üç qol buraxdınız?

- Dəqiq demək çətindir, çünki meydançada hər şey çox sürətli baş verir. Birinci qol rikoşetdən sonra oldu, ikinci qol isə Kevin Medinanın bir qədər şanslı zərbəsi idi. Amma futbol belədir, bu cür epizodlardan da qollar olur. Oyuna yenidən baxıb daha detallı analiz etməliyəm. Ümumilikdə çox yaxşı görüş izlədik, amma 3:0 hesablı üstünlüyü əldən vermək bizi məyus etdi. Bununla belə, çempionatda hələ də liderik və yolumuza davam edirik.

- Üç xal qazanmaq şansınız var idi, amma bir xalla kifayətləndiniz. Mövsümün sonuna qədər çempionluq uğrunda mübarizədə qala biləcəyinizə inanırsınız?

- Bəli, əlbəttə. Çünki “Qarabağ” kimi komandaya qarşı belə oynayıb qalib gəlmək şanslarımızın olduğunu göstərdik. Qarşıda 10-11 oyun var, çox matçımız qalıb. Çətin olacaq, amma biz oyundan-oyuna düşünərək işləməyə davam edəcəyik.

- Bugünkü hakim idarəçiliyi haqqında nə deyə bilərsiniz?

- Hakimlər barədə çox danışmayacağam, çünki cəza almaq istəmirəm. Referi Tural Qurbanov əlindən gələni etməyə çalışdı, amma düşünürəm ki, bu, oyun üçün yetərli olmadı. Ola bilər ki, qarşılaşma onun üçün bir az böyük idi. Amma artıq bu da geridə qaldı.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr