BAKI, 2 mart. TELEQRAF
Alimlərin geologiya sahəsində onilliklərdir baş sındırdığı son dərəcə maraqlı bir sirr var: Yerin tarixində təxminən bir milyard il “çatışmır”. Süxurlardakı bu boşluq “Böyük Uyğunsuzluq” adlanır və çoxsaylı müzakirələrin mövzusudur. Amma yeni tədqiqat nəhayət bu problemin izahını tapıb.
Teleqraf xəbər verir ki, bu barədə “IFLScience” yazıb.
Geologiyada daha gənc süxur və ya çöküntü qatları adətən daha qədim qatların üzərində yerləşir. Ancaq bəzən süxur qatları boyunca aşağı endikdə geoloji qatların bəzi hissələrinin yoxa çıxdığı boşluq görünür.
Böyük Uyğunsuzluq ilk dəfə 1869-cu ildə Böyük Kanyonda aşkar edilib. Burada yaşı 500 milyon il olan süxurlar yaşı 1 milyard ildən çox olan süxurların üzərində yerləşir. Sonradan bu fenomenin izlərinə dünyanın müxtəlif yerlərində də rast gəlinib.
Əvvəllər geoloqlar hesab edirdilər ki, bu boşluq “Qartopu Yer” dövründə baş vermiş eroziyanın nəticəsidir. Təxminən 100 milyon il davam edən və 635 milyon il əvvəl başa çatan bu mərhələdə Yer kürəsinin demək olar ki, hər yeri bir neçə kilometr qalınlığında buz örtüyü ilə örtülmüşdü.
Bəzi alimlər də Böyük Uyğunsuzluğun səbəbini “tektonik soyulma” - üst süxur qatlarının daha dərin qatlarla əvəzlənməsi prosesi ilə ilə izah edirlər.
“Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan yeni məqalədə Çinin şimalından götürülmüş süxur nümunələrinin termoxronologiya üsulu ilə təhlili təqdim olunur. Bu metod mineralların radioaktiv parçalanmasına əsaslanaraq süxurların soyuma sürətini müəyyən edir və müxtəlif qatların Yerin səthinə nə vaxt çıxdığını müəyyən etməyə imkan verir.
Nəticələr Böyük Uyğunsuzluğun buzlaq eroziyası ilə deyil, tektonik model ilə daha yaxşı izah olunduğunu göstərir.
Tədqiqatda qeyd olunur ki, Çinin şimalındakı mineral yataqların analizi eroziyanın böyük hissəsinin “Qartopu Yer” dövründən əvvəl baş verdiyini və zaman baxımından Kolumbiya superqitə dövrü ilə üst-üstə düşdüyünü inandırıcı şəkildə göstərir.
Kolumbiya Yer tarixində ən qədim superqitələrdən biri olub. 2,1-1,8 milyard il əvvəl formalaşıb, təxminən 1,5 milyard il əvvəl parçalanıb. Bu hadisə qədim dənizlərdə ilk çoxhüceyrəli həyat formalarının yaranması dövrünə təsadüf edir.
Müəlliflər əlavə edirlər ki, Rodiniya superqitəsinin (1,26 milyard il əvvəl formalaşıb, 750 milyon il əvvəl parçalanıb) dövründə baş verən çoxsaylı eroziya mərhələləri və “Qartopu Yer”in donma prosesi Böyük Uyğunsuzluğun formalaşmasına töhfə verib. Amma onların heç biri bu hadisənin bir neçə qitədə eyni vaxtda müşahidə olunmasının əsas izahı deyil.