Analitiklər bu artımı Hörmüz boğazındakı gərginlik və təchizat zəncirinin qırılma riski ilə əlaqələndirirlər. Hərbi əməliyyatlar uzanacağı təqdirdə qiymətlərin daha da yüksələcəyi proqnozlaşdırılır.
"Gərginlik dünya bazarlarında qiymətlərə təsir göstərəcək. Lakin İranın təkbaşına olaraq Hörmüz boğazını bağlamaq imkanı yoxdur".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Hörmüz boğazı çox dar ərazidir, təxminən 39 km enə malikdir və boğazın hər iki tərəfində alternativ su yolları mövcuddur.
Həmin yollar beynəlxalq sular hesab olunur. Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına görə bu suları bağlamaq heç bir dövlətin hüququna aid deyil. Heç bir dövlət beynəlxalq sularda yük daşıyan mülki gəmilərin hərəkətini məhdudlaşdıra bilməz.
Ekspertin sözlərinə görə, əgər belə bir məhdudlaşdırma baş verərsə, Çin, Hindistan, ABŞ kimi iri neft idxalçısı olan ölkələr ciddi böhranla üzləşə bilərlər. Bu isə, əlbəttə ki, İran üçün də arzuolunan iqtisadi vəziyyət deyil. Məhz buna görə də mövcud şəraitdə boğazın tamamilə bağlanmasından söhbət gedə bilməz. Buna baxmayaraq, Körfəz ölkələrinin ərazilərində gərginliyin yaşanması dünya bazarlarındakı qiymətlərə təsir göstərir. Təsadüfi deyil ki, 18 aydan sonra ilk dəfə neftin qiymətində təxminən 10 faizə qədər artım qeydə alındı. Qızılın bir unsiyasının qiyməti 5300 dolların üzərinə çıxdı və təbii qazın qiymətində də artım baş verdi. Bu bahalaşmalar, şübhəsiz ki, yaşanan gərginliklərlə bağlıdır. Neftin əsas idxalçıları olan Çin və Hindistan kimi ölkələr təchizat və logistika problemləri ilə üzləşəcəyi təqdirdə alternativ bazarlara yönəlmək məcburiyyətində qalacaqlar. Bu isə həm logistika xərclərinin artmasına, həm də ümumi qiymətlərin yüksəlməsinə səbəb olacaq.
"Bundan əlavə, Donald Trampın açıqlamalarından da aydın olur ki, İranda əməliyyatların bir müddət daha davam edəcəyi ehtimal olunur. Bu isə o deməkdir ki, mart ayında neftin, qazın, hətta qızılın qiymətində ciddi artımlar müşahidə oluna bilər", - deyə iqtisadçı qeyd edib.
Lamiyə Cəbrayılova