AZ

Tehrana yeni zərbələr endirildi: Ərafinin öldürüldüyü iddia olunur

İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra onun səlahiyyətlərini müvəqqəti icra edən Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilən Ayətullah Əlirza Ərafinin öldürüldüyü iddia olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

ABŞ-nin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn İsrail mediasına istinadən bildirib ki, Ə.Ərafi ABŞ və İsrailin Tehrana zərbə endirməsi nəticəsində həlak olub.

Bildirilib ki, hücum zamanı Müvəqqəti Rəhbərlik Şurasının yerləşdiyi mərkəz hədəf alınıb.

Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib.

Amma bu məlumat yayılandan sonra İranın İRNA agentliyi Ayətullah Əlirza Ərafinin videosunu paylaşıb.

O, videomüraciətində bir sıra məsələlərə toxunub və bildirib ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Ekspertlər Şurası tərəfindən sürətlə yeni Ali Rəhbərin seçilməsi məsələsi gündəmə gələcək və Müvəqqəti Rəhbərlik Şurası bunun üçün formalaşdırılıb:

“Silahlı Qüvvələrə və ölkəmizin şərəfli xalqına əminlik verirəm ki, bütün qüvvələr xalqın xidmətindədir və ölkənin bütün qurumları bu çox çətin şəraitdə işlərin irəliləməsi üçün fəaliyyət göstərir”.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq ölkənin şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın Silahlı Qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
21
2
yenisabah.az

4Mənbələr