Bakı, 2 mart, AZƏRTAC
İndiki mürəkkəb geosiyasi şəraitdə, enerji bazarlarında qeyri-müəyyənlik fonunda Azərbaycanın xarici siyasəti praqmatik balans, suverenlik prioriteti və çoxvektorlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Ölkəmizin real siyasəti deklarativ neytrallıqdan ibarət deyil, eyni zamanda, geosiyasi risklərin idarə olunması, iqtisadi dayanıqlığın möhkəmləndirilməsi və regional sabitliyin təmin edilməsi məqsədi ilə sistemli qərarlar kompleksini əhatə edir.
Bunu AZƏRTAC-a açıqlamasında ekspert Gülşən Axundova deyib.
O bildirib ki, humanitar aspekt də hazırkı şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Regionda və Yaxın Şərqdəki qarşıdurmalar potensial miqrasiya axınları və sosial risklər yarada bilər. Azərbaycan beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun davranmaqla yanaşı, milli təhlükəsizlik maraqlarını prioritet kimi qoruyur. Humanitar dəhliz və sabit logistika platforması rolu regionda etimad mühitinin formalaşmasına xidmət edir. Kommunikasiya xətlərinin açıq qalması və iqtisadi inteqrasiyanın genişlənməsi uzunmüddətli sülhün struktur əsaslarını yaradır. Azərbaycanın xarici siyasət modelinin mühüm xüsusiyyəti çoxvektorlu diplomatiyadır.
G.Axundova qeyd edib ki, hazırkı reallıq göstərir ki, region dövlətləri üçün əsas prioritet təhlükəsizliyin təmin olunması və iqtisadi dayanıqlığın qorunmasıdır. Azərbaycan bu iki istiqaməti paralel şəkildə inkişaf etdirir. Müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhəd nəzarətinin modernləşdirilməsi və eyni zamanda iqtisadi diversifikasiya siyasəti ölkənin uzunmüddətli dayanıqlığını təmin edən əsas faktorlar sırasındadır. Geosiyasi gərginliklərin artdığı bir dövrdə daxili sabitliyin qorunması və iqtisadi inkişafın davam etdirilməsi strateji üstünlük yaradır. Regiondakı qeyri-sabitlik Cənubi Qafqazın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bu mürəkkəb mühitdə balanslı, praqmatik və milli maraqlara əsaslanan siyasət yürüdərək regionda sabitləşdirici aktor kimi çıxış edir. Tranzit və humanitar dəhliz funksiyası, enerji təhlükəsizliyinə töhfəsi və neytral mövqeyi ölkəni geosiyasi qarşıdurmaların mərkəzində deyil, sabitlik platformasında yerləşdirir. Bu yanaşma milli maraqların qorunması ilə bərabər daha geniş regional təhlükəsizlik və davamlı sülh perspektivlərinin formalaşmasına xidmət edir.