AZ

Azərbaycanda inkluziv təhsil ürəkaçan vəziyyətdə deyil TƏHSİL EKSPERTİ

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda inkluziv təhsil son illərdə təhsil siyasətinin diqqət mərkəzində duran əsas istiqamətlərdən birinə çevrilib. Məktəblərdə müxtəlif ehtiyacları olan uşaqların eyni təhsil mühitində birgə təhsil alması prinsipi üzərində qurulan bu sistem, yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir. O, həm normal inkişaf edən, həm də xüsusi təhsil ehtiyacı olan şagirdlərin sosial və emosional inteqrasiyasını gücləndirməyi, həmçinin məktəb mühitində hər kəs üçün bərabər imkanlar yaratmağı hədəfləyir. Bu yanaşma uşaqlara həm əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək, həm də müxtəlif fərqlilikləri anlamaq və qəbul etmək imkanı verir. Maraqlıdır, bəs görəsən, ölkədə inkluziv təhsil sistemi nə dərəcədə effektivdir?

Bununla bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bizdə və yaxud dünyanın bir çox ölkələrində inklüziv təhsil o qədər də aktiv deyil:

“Bunun səbəblərindən biri də inklüziv təhsildə tələbə və şagird sayının çox olmamasıdır. Əlbəttə ki, şagird sayının az olması müəyyən qədər təsir göstərir. İnklüziv təhsil hər hansı bir problemi olan uşaqlar üçün xüsusi təhsil formasını nəzərdə tutur. Bu təhsil bir neçə xüsusiyyətə malikdir. Orta təhsil məktəblərinin daxilində inklüziv təhsil sinifləri açılır və ya tövsiyə olunur ki, sosial problemləri olan, hər hansı narahatlığı olan uşaqların siniflər daxilində təhsilə cəlb olunması təmin edilsin. Əgər bu mümkün deyilsə, məktəb daxilində xüsusi siniflər açılır. Məsələn, müraciət edən uşaqlar çoxdursa və bir bölgədə 10 uşaq varsa, həmin uşaqlar üçün xüsusi inklüziv siniflər təşkil olunur. Əgər uşaq məktəbə gələ biləcək vəziyyətdə deyilsə, inklüziv təhsil evdə həyata keçirilir. Bu zaman valideyn evdə xüsusi şərait formalaşdırır, müəllim isə evə gedərək uşağın sosial və ya digər problemlərinə uyğun təhsil prosesini təmin edir. Hal-hazırda inklüziv təhsillə bağlı Azərbaycanda tədbirlər aparılır. Elm və Təhsil Nazirliyi, xüsusilə regional təhsil idarələri bu istiqamətdə fəaliyyət göstərir. Amma ümumilikdə vəziyyət hələ ürəkaçan deyil. Valideynlər və müəllimlər tərəfindən bəzi səhlənkarlıqlar mövcuddur. Həyəcan doğuran hal odur ki, bu tip uşaqların yetişdirilməsi, cəmiyyətə inteqrasiya olunması və formalaşdırılması istiqamətində müəyyən çətinliklər qalır. Müəllim üçün də bu iş asan deyil, amma müəllim fədakarcasına uşağı cəmiyyətə inteqrasiya etmək üçün lazım olan addımları atmağa çalışmalıdır”.

Ekspertin sözlərinə görə, yaxın gələcəkdə inklüziv təhsil istiqamətində Azərbaycanda daha böyük nailiyyətlər əldə edilə bilər:

“Məsələn, xüsusi mərkəzlərin yaradılması və formalaşdırılması vacibdir. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə bu cür təhsil müəssisələrinin təşkil olunması mümkündür. Kiçik şəhərlərdə isə çətinliklər daha çoxdur. Böyük şəhərlərdə, məsələn Bakı şəhərində üç fərqli bölgədə inklüziv təhsil üzrə təlim metodlarını həyata keçirə biləcək təhsil müəssisələrinin formalaşdırılması məqsədəuyğundur. Sırf inklüziv təhsilə aid müəssisələrin yaradılmasının həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu tip uşaqlar sağlam uşaqlarla birlikdə təhsil alaraq cəmiyyətə inteqrasiya oluna bilirlər. Amma bəzən sağlam uşaqlar tərəfindən onlara qarşı müəyyən təzyiqlər də müşahidə olunur ki, bu da həmin uşaqlarda travmaların formalaşmasına səbəb ola bilər. İnkişaf etmiş ölkələrdə isə inklüziv təhsil mərkəzləri ayrıca təhsil müəssisələri kimi fəaliyyət göstərir. Hesab edirəm ki, bizdə də bu cür mərkəzlərin formalaşması arzu olunan olar. Böyük şəhərlərdə, xüsusilə Bakı və onun ətrafında, həmçinin Sumqayıt, Gəncə və Cənub bölgələrində, Lənkəran və digər rayonlarda inklüziv təhsil müəssisələrinin formalaşması məqsədəuyğundur”.

Nurcan Babək

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr