AZ

Ekspert: Neft bazarlarındakı qiymət dalğalanması Yaxın Şərqdəki gərginliyin qlobal tədarük zəncirinə təsiri ilə bağlıdır

Bakı, 2 mart, AZƏRTAC

Hazırda neft bazarlarında müşahidə olunan qiymət dalğalanması birbaşa Körfəz ölkələrində hərbi-siyasi gərginliyin artması və bunun qlobal tədarük zəncirinə təsiri ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Günün əvvəlində “Brent” markalı xam neftin bir barelinin qiyməti 82,37 dollara qədər yüksələrək son 14 ayın ən yüksək həddinə çatıb. Hazırda isə qiymət bir qədər stabilləşərək təxminən 78,87 dollar/barel səviyyəsinə enib”.

Ekspert bildirib ki, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması və bunun fonunda dünya neft ticarətinin 20 faizinin keçdiyi Hörmüz boğazında nəqletmə risklərinin yaranması faktiki olaraq neft qiymətlərininin təqribən 10 faiz artmasına səbəb olub: “Bu, bazar iştirakçılarının hazırkı mərhələdə qlobal neft təminatına olan risk dərəcəsinin qiymət ifadəsində göstəricisidir. Bəs qiymətlər bundan sonra necə dəyişə bilər? Təbii ki, bunun cavabı Körfəz hövzəsi ölkələrində enerji infrastrukturunun dayanıqlığı (müharibənin 3-cü günüdür və hələ ki, bazar hansısa enerji fəsadları ilə üzləşməyib), İranla hərbi qarşıdurmanın səngimə və ya alovlanma mərhələsinə üz tutması və ümumilikdə Hörmüz boğazının nə dərəcədə neft daşımaları üçün təhlükəsiz olub-olmaması ilə bağlı olacaq. Qeyd edim ki, bir gündə Hörmüz boğazından ortalama 15 milyon barel xam neft, 5 milyon barel neft məhsulu və 300 milyon kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) daşınır. Həcmlər kifayət qədər böyükdür, ona görə də bazar iştirakçılarının Körfəz ölkələrindən daşınan karbohidrogenlərin stabilliyinə həssas yanaşması da başa düşüləndir”.

Seçilən
6
1
azertag.az

2Mənbələr