Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Çin avtomobil sənayesində mühüm dəyişikliklərə imza atmağa hazırlaşır.
Avtosfer.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixindən qüvvəyə minəcək yeni milli standart kütləvi istehsalda tam elektron “Steer-by-Wire” (mexaniki birləşməsiz sükan) texnologiyasının geniş tətbiqinə hüquqi zəmin yaradır. Bununla da sükan sistemi ilə təkərlər arasındakı ənənəvi mexaniki əlaqə rəsmi şəkildə aradan qaldırılır.
Məlumata görə, yeni tənzimləmənin hazırlanmasında “Nio”, “BYD”, “Geely”, “Xiaomi” və “Huawei” kimi Çin şirkətləri, həmçinin “Toyota” və “Mercedes-Benz” kimi beynəlxalq istehsalçılar iştirak ediblər. Bu isə standartın həm yerli, həm də idxal olunan avtomobillərə şamil olunacağını göstərir.
Hazırda “Tesla Cybertruck” və “Nio ET9” kimi bəzi modellər bu texnologiyadan istifadə etsə də, yeni qaydalar mexaniki ehtiyat sistemi olmayan tam elektron sükanlar üçün əhatəli hüquqi çərçivə müəyyənləşdirir.
Birləşmiş Millətlər Təşkilatının “R79” qaydalarına və ISO 26262 təhlükəsizlik standartlarına uyğun hazırlanan sənəd bir sıra vacib tələbləri özündə ehtiva edir. Bunlara sistemin enerji və idarəetmə ötürülməsində nasazlıqlara qarşı ehtiyat mexanizmlərlə təmin olunması, batareya performansında problem yaranarsa ani xəbərdarlıq sistemlərinin quraşdırılması və istehsalçıların təhlükəsizlik üzrə sənədləşmə təqdim etməsi daxildir. Avtomobillər əlavə olaraq təsadüfi yoxlama və validasiya testlərindən keçməlidir.
Mütəxəssislər bildirirlər ki, mexaniki sükan sütununun aradan qaldırılması avtomobillərin dizaynında daha geniş imkanlar açır və muxtar sürücülük sistemləri ilə daha dərin inteqrasiyanı təmin edir. Yeni çərçivə Çinin qlobal avtomobil bazarında texnoloji liderliyini möhkəmləndirən strateji addım kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.