Mövcud vəziyyət ən çox ABŞ və İsrail üçün əlverişli geosiyasi zəmin yaradır. Çünki İranın sərt və barışmaz ritorikası region dövlətlərini təhlükəsizlik baxımından Vaşinqton-Təl-Əviv xəttinə yaxınlaşdırır. Əgər Tehran emosional və impulsiv qərarlar verməyə davam edərsə, bu, Qərb paytaxtlarında "İran təhdidi" tezisinin daha asan qəbul edilməsinə səbəb olacaq. Bu isə daha geniş beynəlxalq legitimlik, yeni hərbi-siyasi koalisiya və sanksiya mexanizmlərinin sərtləşdirilməsi deməkdir.
Artıq Fransa və Böyük Britaniya da açıq şəkildə ABŞ və İsrailə dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Yaponiya isə daha ehtiyatlı mövqe tutaraq İranı "regionda sabitliyi pozan addımları dayandırmağa və diplomatik həll yollarına qayıtmağa" çağırıb. Bu çağırış diplomatik dillə ifadə olunsa da, əslində Tehrana ciddi xəbərdarlıqdır. Necə deyərlər, Tehran bu sərt ritorika ilə əslində ABŞ və İsrailin əlinə oynayır. Hizbullaha qarşı İsrailin Livanda başlatdığı genişmiqyaslı əməliyyatlar münaqişənin artıq çoxcəbhəli xarakter aldığını göstərir. Əgər Yəməndəki husilər də aktiv fazaya keçərsə, qarşıdurma Qırmızı dəniz hövzəsinə və enerji marşrutlarına qədər uzana bilər. Bu isə qlobal enerji bazarlarını sarsıdar və dünya iqtisadiyyatına yeni şok dalğası göndərər. Tehran hazırda emosional ritorika ilə hərbi reallıq arasında sıxışmış vəziyyətdədir. Daha geniş koalisiyaya qarşı açıq müharibə aparmaq üçün nə iqtisadi, nə hərbi, nə də diplomatik resurs balansı onun xeyrinədir.
Əgər İran sərt ritorikanı davam etdirərsə, bu, onu daha ağır və çıxılmaz vəziyyətə sürükləyə bilər. Çünki genişlənən koalisiya qarşısında tək qalmaq riski artır. Digər tərəfdən, geri addım atmaq isə daxili siyasi dinamikanı silkələyə bilər. Bu müharibə nə İran xalqına, nə region ölkələrinə, nə də qlobal təhlükəsizlik sisteminə sabitlik vəd edir. Əksinə, beynəlxalq münasibətlər sistemində bloklaşmanı dərinləşdirir, silahlanma yarışını sürətləndirir və diplomatiyanın rolunu zəiflədir. Əgər tərəflər emosiyaları deyil, rasional geosiyasi hesablamaları əsas götürməsələr, Yaxın Şərq yeni və daha dağıdıcı bir mərhələyə keçə bilər. Bu isə artıq lokal müharibə deyil, qlobal təhlükəsizlik böhranı demək olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31