AZ

Qonşunu tüfənglə hədələrsən... – o da əlini tətikdə tutar

Söhbətə bir lətifə ilə giriş edək, sonrası nə olar, olar.

Deyirlər, bir Anadolu məktəbində müəllim uşaqlardan soruşur: “Uşaqlar, bax, tez-tez “Süleymana qalmayan dünya” ifadəsi işlədirlər. Sizcə, bu ifadə Süleyman peyğəmbərə aiddir, yoxsa sultan Süleymana?”

Heç kim dinmir. Sinifin şuluq uşağı ayağa durub deyir: “Müəllim, nə fərqi var ki? Dünya ikisinə də qalmayıb”.

İndi o uşağın sözü olmasın, Xomeyniyə qalmayan dünya Xamneyiyə də qalmadı. Heç Trampa da qalmayacaq. Bir gün eşidəcəyik, bu zatı ali də köçdü, sındı telli sazı, tazanə qaldı.

Dünya heç Netanyahuya da qalası deyil. Bir gün bir yerdə onu da vurğun vuracaq. Adama bu qədər qarğış edirlər, lənət oxuyurlar, bir yerdən çıxacaq. O vaxt qəddar hökmdar Yavuz Sultan Səlimə də çox lənət oxuyurmuşlar, axırda belində “şirpəncə” çibanı çıxıb, o boyda adamı, 3 qitədə yerləşən imperatoru, iki ocağın (Məkkə və Mədinə) sahibi olan xəlifəni 50 yaşındaykən öldürüb.

Dünya heç kimə qalmayacaq. Şair Məmməd Araz əbəs yerə deməyib ki, “dünya sənin, dünya mənim, dünya heç kimin”. (Misranın müəllifinin kimliyini vurğulayaq ki, 10-15 ildən sonra şeirin Niyaməddin müəllimə məxsus olduğunu zənn və iddia etməsinlər).

Xüləs, oxumuş adamlar demişkən, tarixi aspektdən baxanda bütün bu qovğalar, ixtilaflar, qırğın-qiyamətlər mənasız görünür. Özünüz baxın, yanvar ayının ortalarında minlərlə dinc və nadinc vətəndaşı güllələtdirən İran generalları fevralın sonunda özləri də o dünyalıq oldular. Əgər axirət varsa, indi təsəvvür edin ki, İnkir-Minkirə nə qədər iş artıb, kimin iki əli kimin yaxasındadır, bilinmir.

Deməli, insan oğlu gərək özünü 300 il yaşayacaqmış kimi aparmasın. Bu gün sən başqalarına güllə atarsan, sabah biri sənə raket atar. Mülayim olmaq lazımdır, sərt oluban çox qabağa getmək, uzun yaşamaq olmur.

İndi beynəlxalq müşahidəçilərin bir yarısı Trampgili qınayır, bir yarısı İsrail oğullarını, o biri yarısı Xamneyigili. Düz bir il qınaya-qınaya gedəcəklər. Arada tərəflər qınaşacaqlar – qarşılıqlı şəkildə.

Amma həqiqət budur ki, ayətullahlar lap əvvəlcədən düz eləmədilər – 40 il öncədən. Əgər nüvə silahı əldə etmək vacib idisə, dillərini şirin etməli, İsraillə dost-qardaş olmalıydılar.

ABŞ-ni, İsraili hədələyə-hədələyə nüvə silahı əldə etmək, bilirsiniz, nəyə oxşayır? Hesab edin ki, iki qonşu dalaşır, əllərində yalnız göyrüş çomağı və ya yaba var. Bir az yabalaşıb ayrılırlar. Qonşunun biri o birini hədələyir, deyir, şəhərdən tüfəng alıb, gəlib, hamınızı qıracağam. Hədələnən qonşu əvvəlcə təhdidi vecinə almır, fikirləşir ki, adam hirslidir, sonra hirsi soyuyacaq. Amma qonşu gedir, doğrudan da tüfəng alır, gələndə biri qonşu da öz tüfəngini göstərir, ara sakitləşir. Bir müddət keçir, qonşu hədələyir ki, indi gedirəm “Kalaşnikov” almağı, alıb, gəlib, hamınızı güllələyəcəm. Bu dəfə onun hədəsini artıq ciddi qəbul edirlər. Sonra aqressiv qonşunun övladları növbə ilə onları təhdid edirlər, deyirlər, atam sabah gedir “Kalaşnikov” almağa, gəlsin, gününüzü görəcəksiniz. Bir neçə belə hədədən sonra görürlər ki, niyyət ciddidir və adamı silah almağa getdiyi yerdə vururlar, məsələ bitir.

İranınkı ona döndü. Zalım uşağı, 2 min illik dövlətsiniz, nə məcburdur ki, kimisə Yer üzündən silməklə hədələyəsiniz? Sizin kütləvi qırğın törətmək kimi ülvi bir niyyətiniz varsa, əvvəlcə o silahı əldə edin, sonra hədələyin. Onların o silahı çoxdan var, heç boyunlarına almırlar, soruşana da “yoxumuzdur” deyirlər. Hamı da bilir ki, varlarıdır.

Sonra da deyirlər ki, ay İran siyasiləri belə ağıllıdırlar, elə müdrikdirlər, müsibət hiyləgərdirlər. Hanı? Domino dominodur, nə qədər ustası olsan da əlindəki daşları rəqibə göstərə-göstərə oynayanda məğlubiyyət qaçılmaz olur. Şahmatda da elədir, 3-4 gedişi əvvəlcədən anons edərək oynamaq olarmı? Adamı mat edər, mat qoyarlar.

Biz 2020-də ermənilərə “çoxlu PUA almışıq, görün, başınıza nə oyun açacağıq” desək, işimiz yarımçıq qalmazdımı?

Söhbəti bir lətifə ilə başlamışdıq, bir lətifə ilə də sonlandıraq. Deyirlər, 5 il əvvəl Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyəndə bizimkilər belə cavab veriblər: “PUAH!”

Seçilən
16
musavat.com

1Mənbələr