Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İran ətrafında cərəyan edən hərbi-siyasi proseslərin mümkün inkişaf ssenariləri ilə bağlı diqqətçəkən açıqlama verib. O, hesab edir ki, hazırkı hadisələri təhlil edərkən əsas istinad nöqtəsi anti-İran koalisiyasının irəli sürdüyü “dörd maddəlik ultimatum” olmalıdır.
T.Zülfüqarov bildirib ki, proseslərin məntiqi inkişafı göstərir ki, bu ultimatumun ən azı iki bəndi artıq faktiki şəkildə icra olunma mərhələsindədir.
Keçmiş nazir qeyd edib ki, davam edən hava və raket zərbələri nəticəsində İranın nüvə və raket proqramına aid istehsal zəncirinin onlarla obyekti tamamilə sıradan çıxarılır.
Onun sözlərinə görə, bu obyektlərin dağıdılması İran rəhbərliyinin nüvə silahına və onun daşıyıcı vasitələrinə sahib olmaq planlarının faktiki sonu deməkdir: “Bu, ultimatumun iki bəndinin de-fakto yerinə yetirilməsi anlamına gəlir".
T.Zülfüqarov vurğulayıb ki, söhbət təkcə ayrı-ayrı obyektlərin vurulmasından yox, bütöv istehsal zəncirinin sıradan çıxarılmasından gedir ki, bu da proqramın uzunmüddətli perspektivdə bərpasını son dərəcə çətinləşdirir.
Eks-nazir üçüncü bəndə – İranın regiondan kənarda “müqavimət cəbhəsinə” verdiyi dəstəyə də toxunub. O qeyd edib ki, müharibənin əvvəlki mərhələlərində bu istiqamətdə ciddi zərbələr endirilib və həmin infrastruktur demək olar ki, tam dağıdılıb.
T.Zülfüqarovun fikrincə, bu faktor İranın regional təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.
Keçmiş XİN rəhbəri bildirib ki, ultimatumun dördüncü bəndi – “rejim dəyişikliyi” də artıq praktik mərhələyə keçib.
Onun sözlərinə görə, hərbi əməliyyatların ilk iki günündə bu prosesə açıq şəkildə müqavimət göstərən əsas fiqurların hədəfli şəkildə aradan götürülməsi təsadüfi deyil: “Bu qədər yüksək səviyyədə seçici, hətta deyərdim ki, fərdiləşdirilmiş zərbələr göstərir ki, ABŞ və İsrail üçün İranda sirr qalmayıb".
T.Zülfüqarov hesab edir ki, bu, təkcə kəşfiyyat imkanlarının gücü ilə izah olunmur. Onun fikrincə, İran hakim elitasının müəyyən hissəsinin qarşı tərəflə əməkdaşlığı ehtimalı da nəzərdən qaçırılmamalıdır.
Tofiq Zülfüqarovun qənaətinə görə, İranda artıq sistemdaxili transformasiya prosesi start götürüb: "Bu gün ‘İran perestroykası’ başlayıb və bu proses atəşkəs’ əldə olunduqdan dərhal sonra daha sürətli templə davam edəcək".
Eks-nazir hesab edir ki, qarşıdakı mərhələ hərbi fazadan daha çox siyasi və institusional yenidənqurma mərhələsi olacaq və bu, ölkədaxili hakimiyyət balansına ciddi təsir göstərə bilər.
Rasim Əliyev
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.