AZ

NYP: Texasdakı kütləvi atışmanın törədicisi ABŞ-nin İrana hücumuna görə qisas almış ola bilər...

Ostin şəhərində gecə klubunda baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, New York Post nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-nin Texas ştatının Ostin şəhərində gecə klubunda kütləvi atışma törədən şəxs ABŞ-nin İrana hücumuna görə qisas almaq niyyəti güdmüş ola bilər.

Hadisə fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Silahlı şəxs avtomobili ilə gecə klubunun qarşısına gəlib və əvvəlcə terrasda əyləşən ziyarətçilərə, daha sonra isə küçədə olan insanlara atəş açıb. Nəticədə iki nəfər həlak olub, daha 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şübhəli daha sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Mənbələrin bildirdiyinə görə, hücum edən şəxs hadisə zamanı üzərində “Allahın mülkü” yazılmış qalın idman köynəyi geyinibmiş. Onun avtomobilində isə Quran nüsxəsi aşkar edilib. Hüquq-mühafizə orqanları bunu mümkün radikallaşma və ideoloji motiv ehtimalı ilə əlaqələndirir.

Şübhəlinin şəxsiyyəti də müəyyən edilib. Bu, 2000-ci ildən ABŞ-də yaşayan, Seneqal əsilli Ndiagi Diagne adlı şəxsdir. O, 2006-cı ilin iyun ayında ABŞ vətəndaşı ilə evləndikdən sonra qanuni daimi yaşayış statusu alıb. Mənbələrin məlumatına görə, Diagne əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub və psixi pozuntulara meyilli, həmçinin cinayət törətmə riski yüksək şəxs kimi tanınıb.

Onun daha əvvəl Nyu-York və Texasda bir neçə dəfə saxlanıldığı bildirilir. O cümlədən 2022-ci ildə nəqliyyat vasitəsinə ziyan vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilib.

Rəsmi olaraq Federal Təhqiqatlar Bürosu nümayəndələri mətbuata açıqlamalarında şübhəlinin “terrorçuluqla potensial əlaqəyə işarə edən əlamətlərə malik olduğunu” bildiriblər. Hazırda hadisənin motivləri və mümkün əlaqələri ilə bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr