AZ

Texasda barda silahlı insident: 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Ostin şəhərində baş verən atışmanın ABŞ-nin İrana endirdiyi zərbələrlə əlaqəli ola biləcəyi istisna edilmir...

ABŞ-nin Texas ştatının cənubunda yerləşən Ostin şəhərindəki “Buford's” barının yaxınlığında baş verən silahlı insident nəticəsində azı 3 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə cəlb olunan polis əməkdaşları atəş açan şəxsi zərərsizləşdiriblər. Hücum edən şəxsin 53 yaşlı Ndiagi Diage olduğu bildirilir. O, Seneqalda anadan olub, 2013-cü ildə ABŞ vətəndaşlığını alıb və əvvəllər Nyu-Yorkda yaşayıb.

“The New York Post” qəzetinin yazdığına görə, atışmanın ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr fonunda baş vermiş ola biləcəyi ehtimal edilir. Hücum edən şəxsin üzərində “Allahın mülkiyyəti” yazılmış qalın üst geyimi olduğu qeyd olunur. Mənbələr onun avtomobilində Quranın tapıldığını, geyimində isə İran İslam Respublikasının bayrağına və ya digər simvollarına bənzər elementlərin ola biləcəyini bildiriblər.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, Diage əvvəllər emosional pozuntuları olan şəxs kimi tanınıb. O, 2001–2016-cı illər arasında ABŞ-də bir neçə dəfə saxlanılıb. Hazırda Federal Təhqiqat Bürosu (FBI) insidenti mümkün ideoloji motivli terror aktı kimi araşdırır.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başladıqlarını elan ediblər. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində Vaşinqtonun və Təl-Əvivin zərbələrini Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə əlaqədar “tükənmiş səbir”lə əsaslandırıb. İranın bir çox şəhərləri, o cümlədən paytaxt Tehran hücuma məruz qalıb. Zərbələrdən birinin ölkənin ali rəhbəri Əli Xameneinin iqamətgahına endirildiyi və onun həyatını itirdiyi bildirilir.

Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. İranda həmçinin “müqəddəs müharibə” çağırışları səsləndirilib. Nüfuzlu dini xadim ayətullah Məkarim Şirazi ölkənin ali rəhbərinin ölümünə görə qisas almağın müsəlmanların dini borcu olduğunu bəyan edib.

Hazırda ABŞ-də təhlükəsizlik tədbirləri gücləndirilib, hüquq-mühafizə orqanları isə hadisənin motivlərini və mümkün əlaqələrini araşdırmaqda davam edir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr