Liqa 1-in mətbuat xidməti 26-cı turun PSJ – “Nant” matçının təxirə salındığını açıqlayıb.
QOL.az xəbər verir ki, qərara əsasən, martın 15-də keçirilməli olan qarşılaşma aprel ayına təyin edilib. Bildirilir ki, oyun PSJ-nin müraciəti və “Nant”ın razılığı ilə ertələnib.
Bu addım parislilərin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin “Çelsi” klubu ilə keçirəcəyi iki oyuna daha yaxşı hazırlaşması məqsədi daşıyır. İlk görüş martın 11-də Parisdə, cavab qarşılaşması isə martın 17-də Londonda baş tutacaq.
Liqanın Direktorlar Şurası matçın 20-26 aprel aralığında keçirilməsi barədə qərar qəbul edib. Dəqiq tarix isə daha sonra açıqlanacaq.