AZ

Tarixin qırılma nöqtəsi: Tehranın süqutu və Güneyin milli İntibahı




Şəmsi Qoca

Tarix bəzən onillikləri bir günə sığdırır. 2026-cı ilin bu mart sabahı biz sadəcə bir dövlətin sarsılmasının deyil, bütöv bir regionun geosiyasi xəritəsinin yenidən cızılmasının şahidiyik. Tehranda Ayətullah Əli Xameneyinin ölümü ilə nəticələnən hərbi zərbələr onilliklərdir davam edən bir epoxanın sonu, milyonlarla soydaşımız üçün isə yeni bir tarixin başlanğıcıdır.

Qlobal medianın "Genesis" əməliyyatı adlandırdığı hərbi müdaxilə İranın idarəetmə şaqulini iflic edib. Ali Rəhbərin ölümü və SEPAH-ın ali komandanlığının sıradan çıxarılması mərkəzi hakimiyyətdə dərin bir çat yaradıb. Bu gün Tehran küçələrində xaos hökm sürsə də, bizim nəzərimiz daha şimala – Arazın o tayına, tarixi torpaqlarımıza dikilib. Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycanın milli birliyi bütün dünya üçün əsas sabitlik və ya böyük dəyişiklik faktoru kimi çıxış edir.

Təbriz, Ərdəbil, Urmiya və Zəncan artıq sadəcə etirazın deyil, birbaşa milli idarəçiliyin mərkəzlərinə çevrilir. SEPAH və "Bəsic" qüvvələrinin geri çəkilməsi ilə yaranan boşluğu milli şuralar doldurmaqdadır. Bu, sadəcə iqtisadi çətinliklərə qarşı bir üsyan deyil; bu, 1945-ci ildə yarımçıq qalmış Milli Hökumət idealının müasir texnologiyalar və qlobal dəstək fonunda intibahıdır. Qlobal media – CNN-dən tutmuş "Al Jazeera"ya qədər – artıq "İranın Azərbaycan bölgəsindəki etnik oyanış" ifadəsini deyil, "Milli Müqəddəratını Təyin Etmə" terminini istifadə edir. Bu, beynəlxalq hüquq müstəvisində bizim üçün ən böyük qələbələrdən biridir.

Təəssüf ki, hər bir böyük azadlıq ağrısız olmur. Rejim qüvvələrinin son çırpıntıları nəticəsində şəhid olan soydaşlarımızın sayı artır. Urmiya və Sulduzda baş verən toqquşmalar bir tərəfdən kədər doğursa da, digər tərəfdən milli birliyin nə qədər sarsılmaz olduğunu göstərir. Azərbaycan dövlətinin sərhəd boyu humanitar dəhlizlər üçün hazırlıq görməsi və cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, soydaşlarımızın tək olmadığını bütün dünyaya nümayiş etdirir.

Mılumdur ki, imperiyaların çöküşü həmişə sarsıntılı olur. Lakin bu sarsıntılar həm də yeni və ədalətli bir nizamın carçısıdır. Hörmüz boğazının qapanması, qlobal neft bazarındakı dalğalanmalar və Tehranın tüstülər içindəki mənzərəsi fonunda bir həqiqət parlayır: Cənubi Azərbaycan artıq tarixin obyekti deyil, subyektidir. Bu gün Təbrizin meydanlarında ucalan səs, sadəcə bir xalqın fəryadı deyil, həm də gələcək böyük qələbənin müjdəsidir. Tarix yazılır və bu tarixin mürəkkəbi xalqın iradəsi, qanı və azadlıq eşqidir.



Seçilən
26
aia.az

1Mənbələr