AZ

Başqasının görüntüsünü istehza ilə paylaşanların NƏZƏRİNƏ - VİDEO

Artıq toy və yas mərasimlərində çəkilən şəkil və videoların sosial şəbəkələrdə yayılması hüquqi məsuliyyət yarada bilər. Eləcə də açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

"Yeni Sabah" Baku TV-yə istinadən xəbər verir ki, bu, Ali Məhkəmə Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.

Bundan sonra kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ kontekstində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək.

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, şəxsin cəmiyyətdəki nüfuzuna, hörmətinə və mənəvi dəyərlərinə xələl gətirən, onu gözdən salan görüntülərin yayılması qanunla qadağandır. Belə hallarla üzləşən şəxslər məhkəməyə müraciət edərək görüntülərin sosial şəbəkələrdən və digər informasiya vasitələrindən silinməsini, həmçinin təzminat ödənilməsini tələb edə bilərlər:

"Əgər yayılan materiallarda təhqir və ya böhtan tərkibi yoxdursa, məhkəmə işin faktiki hallarını və şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq təzminat tələbinin təmin olunmasına qərar verə bilər. Bu zaman üzr istənilməsi və görüntülərin silinməsi öhdəliyi də qoyula bilər. Lakin görüntülərdə təhqir və ya böhtan əlamətləri olarsa, həmin şəxslər 1 000 manatdan 1 500 manatadək cərimə edilə bilərlər. Ağırlaşdırıcı hallarda isə 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər".


Telegram kanalımız
Seçilən
11
3
yenisabah.az

4Mənbələr