AZ

Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqres öz işini Mərkəzi Gömrük Hospitalında davam etdirib.

Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a bildirilib ki, konqres çərçivəsində təşkil olunan elmi simpozium Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynovanın anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Simpoziumda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev professor Nəsibə Hüseynovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna rolundan danışıb. O qeyd edib ki, alimin formalaşdırdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də ölkəmizdə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verir.

Sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxış edərək professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin pediatriyada klinik düşüncə tərzinin, elmi yanaşmanın və müasir müalicə prinsiplərinin formalaşmasında, eləcə də gənc həkimlərin və rezidentlərin hazırlanmasında mühüm rol oynaması barədə ətraflı danışıblar.

Daha sonra professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda görkəmli alimin zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pediatriyasının inkişafına verdiyi mühüm töhfələr, formalaşdırdığı elmi məktəb və yetişdirdiyi çoxsaylı həkim kadrlar barədə ətraflı məlumat təqdim olunub.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, Professor Rauf Bəylərovun moderatorluğu ilə keçirilən “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda interaktiv paneldə ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Sabirə Hüseynova və BTK-nın uzman dietoloqu Lala Mahmudova “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə “Uşaq qastroenterologiyasında klinik və bioetik çağırışlar”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova “Rəqəmsal bağırsaq sağlamlığı – Mikrobiota – Davranış – Ətraf mühit”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Uşaqlarda qaraciyər genetik və metabolik xəstəliklərinə ümumi yanaşma” mövzusunda çıxış ediblər.

Tibb üzrə fəlsəfə doktoru Gülnarə Nəsrullayeva, tibb üzrə fəlsəfə doktoru Nüşabə Mollayeva və Bəyaz Namazovanın moderatorluğu ilə keçirilən ikinci sessiyada Respublika Pediatriya Mərkəzinin həkimi Azər Əhmədov “Kəskin və xronik ishalın tele-tibbdə idarə edilməsi; Dehidratasiya riskinin Sİ analizləri”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda öd daşı xəstəliyinə müasir yanaşma”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Autizm spektr pozulması olan uşaqlarda vitamin və mikronutrient dəstəyi”, “Baku Medical Plaza” klinikasında Pediatriya və Neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin Rəhimov və “Medera” klinikasının həkimi Əli Quliyev “Mini-debat: Uşaqlarda xroniki qəbzliyə multidissiplinar yanaşma” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova “Uşaqlarda laktoz çatışmazlığı” mövzularında çıxış ediblər.

Professor Aytən Məmmədbəylinin, dosent Nigar Bayramovanın və tibb elmləri üzrə fəlsəfə doktoru Əli Quliyevin moderatorluğu ilə keçirilən “İnteraktiv sessiya: Beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraq” paneliində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının həkimi Dr.Nərgiz Məmmədova “Prematüre və yüksək riskli yenidoğulmuşların erkən nevroloji qiymətləndirilməsi və inkişaf monitorinqi”, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikasının Baş həkimi İkram Rüstəmov “Hibrid dünyada inkişaf geriliyi, autizm və davranış problemləri: kim, nə zaman və haraya yönləndirilməlidir?”, Nitq və inkişaf pozulmaları üzrə uzman Nigar Həsənova “Peyk simpozium. Autizmli uşaqların elmi sübuta əsaslanan təlimi” mövzularında çıxış ediblər.

Simpoziumun sonunda qeyd olunub ki, belə genişmiqyaslı və elmi baxımdan zəngin proqram pediatriya sahəsində aktual problemlərin müzakirəsi, innovativ yanaşmaların tətbiqi və multidissiplinar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxış edənlər vurğulayıblar ki, professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin işığında keçirilən bu simpozium həm milli pediatriya elminin inkişafına yeni impuls verir, həm də gənc mütəxəssislər üçün dəyərli təcrübə platforması rolunu oynayır.

Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.

Seçilən
11
1
azertag.az

2Mənbələr