Martın 4-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Atabank", "Gəncəbank", "Yunayted Kredit Bank", "NBCBank", "Günaybank", "Muğanbank", martın 11-də "Muğanbank", martın 18-də isə "NBCBank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv metrlik qeyri-yaşayış binasından, həmçinin bankın Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 314,30 kv metrlik qeyri-yaşayış binasından, eləcə də "Gəncəbank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanındakı dəyəri 2 milyon manat olan 815,8 kv metrlik qeyri-yaşayış binasından, "Yunayted Kredit Bank"a məxsus Xaçmaz rayonu, Şimali qəsəbəsində yerləşən dəyəri 50 min manat olan fərdi yaşayış evindən, həmçinin banka məxsus dəyəri 1,5 min manat olan "QAZ 31105 120" markalı minik avtomobilindən gedir.
Bununla yanaşı, hərraclara "NBCBank"a məxsus Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanındakı dəyəri 500 min manat və 2,3 milyon manat olan müvafiq olaraq 263 kv metrlik və 281,2 kv metrlik qeyri-yaşayış sahəsindən, həmçinin Şamaxı rayonu, Məlhəm kəndində yerləşən dəyəri 200 min manat olan 464,2 kv metrlik fərdi yaşayış evindən, "Günaybank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3а ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv metrlik qeyri-yaşayış sahəsindən, "Muğanbank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 ünvanındakı dəyəri 1,5 milyon manat olan 218,3 kv metrlik qeyri-yaşayış sahəsindən, həmçinin dəyəri 3 min manat olan "FORD TRANSIT" markalı minik avtomobili çıxarılır.