AZ

Qəlbim məzarlıq kimidir

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bilal ALARLI HÜSEYNOV ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

MOTİVASİYA:

İstəyirəm şeir yazım,

gözlərimə enən yuxu qoymur.

Gündüz çəkdiyim fikrin içindən

gecəyə yorğun çıxmışam.

Elə şeirlərim var ki,

onları mürəkkəblə yazmışam,

elə şeirlərim də var,

onlara

gözlərimin suyunu sıxmışam.

MƏZAR

Nə qədər arzu basdırmışam,

qəlbim məzarlıq kimidir.

Məni bu hala salan

dərdlərimin çarəsi,

ağrılarımın həkimidir.

Davası, dərmanı yoxdur

bu qəfil azarın.

Sinəmin üstündə açıb

ucuzdan ucuz bazarın.

Bir oturub,

bir durmadıq.

Bir mənzilə

baş vurmadıq.

Butamızı

çöldən-çölə verdi Tanrı.

Məni sənin ayağına,

səni mənim ayağıma

sərdi Tanrı.

O yıxılan yıxılıb qaldıq,

arzularımız pərən-pərən oldu.

Nə əlim əlinə çatdı,

nə də bizi bir yerdə

görən oldu!

İndi qayıdıb

özünü axtarırsan

xaraba qalmış ürəyimdə

məzar-məzar.

Yaxşı bax, gör, orda

üstünə adın yazılmış

neçə sinədan var,

neçə başdaşı var!

Bundan sonra məni

ün yetməyən

qəbir adam biləcəksən.

Gündə yüz dəfə

bu qəbrin üstündə

mənimçün öləcəksən

məni vaxtından qabaq

öldürdüyünə görə!

YUXU

Hamı yatanda

yola çıxmaq çətindir,

üstümə hürən itlərin

arasından keçib gedirəm.

Gündoğana

doğuram Günəş kimi,

keçdiyim yolları

nura qərq edirəm.

Di gəl ki,

işığımı görmür

qaranlıq adamlar.

Bilirsən, yolumun üstündə

nə qədər

qaranlıq adam var?!

Məni uzaqlara,

lap uzaqlara aparan

öz ayağımla açdığım cığırlarda

tək olduğumu görürəm.

Sonra da deyirlər,

adama yovuşmuram,

sərgərdan bir ömür sürürəm.

Yovuşmaq necə olur,

atam balası,

bu yolun yolçuluğunu

yolu başa vurmamış

atımmı?

Mən də gedib

hamı kimi

başımı atıb

yatımmı?

TÜSTÜ

Yaxşı ki, həsrətin tüstüsü yoxdur,

yoxsa göz-gözü görməzdi

Yer kürəsində.

İnsanlıq batıb qalardı

hicran dərəsində.

Nəfəs ala bilməzdi

nə sevgi,

nə də məhəbbət.

Bu duman,

bu çən

insanlığa verməzdi fürsət.

Yanıb kül olardı

eşq oduna qalanan hər kəs.

Tüstü kimi göynədərdi

içimizi

çəkdiyimiz nəfəs.

ÇƏRPƏLƏNG

Ölmədim ki, yaşadım,

üzlü adamam.

Ürəyi doluyam,

sözlü adamam.

Yaxşılar tez ölür,

ölmədim, pis dedilər.

Yaxşılıq etdiklərim

mənə xəbis dedilər.

Neyləyim, bilmirəm,

yıxılıb ölüm bəlkə?

Mənə gülənlərə

gülüm bəlkə?!

Əcəl körpüsündən keçib yaşadım,

qəbir ağzını açıb durdu.

Sözün yolunda külüng vurdum,

söz də məni bəs deyincə yordu.

Ömür sürmədim e,

ömür sürüdü məni.

Kür olub getdim,

ömür kürüdü məni.

İstəmədim tez öləm,

çox yaşamaq da istəmədim.

Mənə ümid bəsləyənlərə

mən ümid bəsləmədim.

Yaşadım, nə gördüm?

Dünya oyun-oyuncaq imiş,

ömür də bir çərpələng,

yelə verdim.

GÖRÜNTÜ

Kaş hər şeyi görməyəydim,

baxar kor olaydım mən də.

Yaşayaydım zülmət içində,

itəydim dumanda, çəndə!

Niyə gördüm axı,

niyə görürəm axı?

Bu qıpıq adamlarla

bu nə ömürdü sürürəm axı?!

Hamının kor olduğu yerdə,

ya da kor kimi yaşadığı yerdə

gözünü açmaq çətindir.

Gözdən əlillərin əlindən

baş götürüb qaçmaq çətindir.

İstəyim nədir, özüm də bilmirəm,

gözlərim hər yerə dartır məni,

gördüklərim məndən

gözkirəsi alır.

Gözünü açdıqlarım da

naxələf çıxır,

bunun koru belə,

bunun çeri belə,

Gözünü açmaq istəmir heç biri,

Mənə bunların fikrini çəkmək qalır.

Kaş hər şeyi görməyəydim,

başım dinc olardı,

ruhum da sakit yaşardım.

Mən də bu kor adamlar kimi

bir qarın çörək üçün çalışardım.

NƏĞMƏ

Sən oxuma, bülbül,

qoy mən oxuyum,

mənim dərdim daha böyükdü.

Səni oxudan güllər, çiçəklərdi,

mənim nəğməmə

sənin dərdin də yükdü.

Sən uçursan budaqdan-budağa,

mənim ürəyim uçur

sənin qanad çaldığın yerə.

Sən özünü göylərin övladı sanırsan,

mənim ruhum həsrətdi göylərə.

Sən oxuma, bülbül,

qoy mən oxuyum

Sənin vətən bildiyin

torpağın dərdlərini.

Sən də tanı

bir şikəstənin

şikəst etdiyi elin

mərdlərini,

namərdlərini.

Sənə nə var?

Oxuyub gedəcəksən.

Bəlkə də özünü

bir nəğməyə qurban edəcəksən.

Mənsə

içimdə boğulan səslə

qovrula-qovrula qalmışam.

Öz boyumca deyiləm,

mən çox qısalmışam,

çox qısalmışam.

İTKİ

Bir ömür yaşa mənsiz,

onda bilərsən,

Bülbül nə çəkir

çiçəksiz-çəmənsiz.

Yaşa əllərin havada,

ayağın da

yerə çatmasın.

Elə yaşa ki,

ömrün çürüməsin,

başın batmasın.

Əllərim üstə gəzdirərdim səni,

indi mənim qucağım,

sənin ürəyin boş qalıb.

Özülünə can qoyduğumuz

Məhəbbət adlı evin yerində

bir-birimizə atmağa

bir neçə daş qalıb.

Gəl, götür öz payını apar,

nə mən sənə yük olum,

nə sən mənə başağrı,

Axtara-axtara

taylı tayını tapar,

tapar itirəndən sonra!

İNTEQRASİYA:  

Mən danışanda sən susursan,

susursan gecələr səsini kəsən bülbül kimi.

Başını köksünə tutub durursan qarşımda,

durursan dən bağlayıb

torpağa baş əyən sünbül kimi!

Külək əsir, tellərini darayır,

öz qulağıma çatmır

dodağımın harayı.

Mən danışanda

sən laylaya yatan körpəyə dönürsən.

Mələk kimi göylərdən enirsən,

enirsən ki, adam olasan,

boşalasan, bir də dolasan.

Amma dostum,

mən başqasının yanaqlarındakı

göz yaşlarını sevmirəm

özümünkü qədər.

Mənim göz yaşlarım

əvvəl-axır

ürəyimə axır.

Kişi ağlamaz deyə,

gizlədirəm gözümü,

görsən də hər sifətimi,

görməyəsən kövrək üzümü.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr