AZ

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Telman ORUCOV

(Əvvəli ötən sayımızda)

Fransanın məşhur dövlət xadimi Taleyran da əsassız hücumlara məruz qalır. Onu mövqeyini dəyişdirməkdə, az qala ikiüzlülükdə ittiham edirlər. Çünki o, 1797-99-cu illərdə Direktoriyanın hakimiyyəti vaxtı, doqquz il ərzində Napoleonun dövründə və kral XVIII Lui hakimiyyətə qayıtdığı vaxt isə iki il müddətinə xarici işlər naziri olmuş və daim Fransanı təhlükələrdən xilas etməyə çalışmışdı. Onun guya təqsiri, üç hakimiyyətdə xarici siyasətə uğurla başçılıq etməsi olmuşdu. O, 1807-ci ildə Tilzitdə Napoleon ilə dostlaşan Rusiya imperatoru I Aleksandrı xəbərdar etmişdi ki, Napoleonla deyil, Fransa ilə dostluğa nail olmağa çalışmaq lazımdır. Napoleonun qalibiyyət epoxası başa çatanda, məğlub Fransa müəyyən ərazisini itirmək qorxusu altında idi. Bu vaxt müdrik Taleyran 1815-ci ildəki Vyana Konqressində "legasy" - "irs" terminini ortaya atmaqla, öz ölkəsinin ərazi bütövlüyünü qoruyub saxlamağa müvəffəq olmuşdu. Napoleon isə Fransaya böyük hərbi şöhrət gətirsə də, iki ağır məğlubiyyəti ilə ölkəni çıxılmaz vəziyyətə salmışdı. Buna baxmayaraq, Napoleon iki əsrdən çox müddətdə tək Fransada deyil, dünyadakı ictimai rəydə ikonaya çevrildiyi halda, Taleyran isə, ədalətsiz olaraq, mənfi xüsusiyyətlərin simvolu sayılır.

Ona görə də böyük şəxsiyyətlərə qiymət verərkən emosiyalara, uydurmalara deyil, mühüm həqiqi faktlara, onların mahiyyətinə əsaslanmaq daha düzgün olardı.

Dinə gəldikdə, əhalini birləşdirmək üçün o, yarandığı halda, bir qədər sonra hansısa ambisiyalar hesabına düşmənçiliyə, qan axıdılmasına yol açmaqdan da çəkinməmişdir. Sünnilər şiələrlə döyüşdə İmam Əlinin qəhrəman oğlu imam Hüseyni öldürmüşdülər və şiələr 14 əsr sonra da onun həlak olmasını dini matəm kimi qeyd edirlər. Xristian dini isə müsəlmanlara qarşı Səlib yürüşləri adlanan qanlı müharibələr aparmışdı. Deməli, kilsə xadimləri də Xristin vəsiyyətinə məhəl qoymayaraq, canfəşanlıqla müsəlmanların qanının axıdılmasına girişmişdi.

Lakin dünyanın əks qütblərə bölünməsində başlıca rolu imperiyalar oynamışdır. Bir sıra dövlətlərin digərləri üzərində ağalığı, dünyanı parçalamağa xidmət etdiyinə görə, onu həyata keçirənlərin fəaliyyəti hökmən pislənməlidir. İmperiya xalqların asılılığa salınmasına nail olmağa çalışdığına görə yalnız lənətlənməyə layiqdir. XX əsrin 60-cı illərindən müstəmləkə xalqları Avropa ağalığından azad olub, öz müstəqil dövlətlərini yaratdı. İmperializm tənəzzülə uğramalı oldu. Lakin imperializm xəstələnsə də, ölməkdən çox uzaqdır və imkan düşən kimi yenə də öz caynaqlarını işə salmağı bacarır. Bunu 1960-cı illərin sonunda yaranmağa başlayan və qonşu dövlətlərin ərazisini işğal edən İsrail imperiyasının meydana gəlməsi də təsdiq edir.

Qərblə Şərqin birləşmə cəhdləri

Yaxşı məlumudur ki, dünya, Yer kürəsi adlanan məkanda yerləşən və insan cəmiyyətlərindən ibarət olan bir varlıqdır.

Lakin dövlətlər, imperiyalar meydana gəldikdən sonra bu vahid varlığın parçalanması, nisbətən xırda hissələrə bölünməsi baş vermişdir. Bunun da nəticəsində xalqlar arasında yadlıq, düşmənçilik hissləri güclənmiş və bunlar hətta açıq hərbi münaqişələr sferasına keçmişdir. İlk müharibələr və yaranan imperiyalar Şərqdə mövcud olmuşdur, axı buradakı sivilizasiya da Qərbdəkindən xeyli yaşlı olmaqla, daha böyük tarixə malikdir. Əgər tarixin yaranması Şərqdə, konkret olaraq Şumerdə başlamışdırsa, onu zənginləşdirən hadisələr də məhz bu regionda baş vermişdir. Alkad, Köhnə Babilistan imperiyaları meydana gəlmiş, ancaq onların işğal etdikləri ərazilər Mesopotamiyadan və ona yaxın olan ətrafdan kənara çıxmamışdır. Bu vaxt Antik dünya istisna edilsə, Avropa sivilizasiyası hələ mövcud deyildi, tarixdən əvvəlki dərin yuxudan ayılmamışdı. Bu qitədə dövlətlər də xeyli gec meydana gəlmişdi və Aralıq dənizi sahilləri ilə kifayətlənməli olmuşdu. Avropanın mərkəzindəki və şimalındakı olduqca böyük hissədə isə hələ icmalar qəbilə, tayfa quruluşundan uzağa getməmişdi.

Antik dövr isə xeyli inkişaf etmişdi. Bizim eradan əvvəlki V əsrdə güclənən Afina şəhər-dövləti imperiya yaratmağa cəhd etmiş və onu Delos ittifaqı adı altında gizlətməyi bacarmışdı. B.e.ə. IV əsrdə meydana gələn Makedoniya çarlığının başçısı II Filip Afina və digər yunan şəhər-dövlətlərini özünə tabe etməklə, əsl imperiya yaratmış və qisas adı altında, axı Persiya çarı Kseris b.e.ə. 480-ci ildə Afinanı işğal edərək, yandırmışdı, Persiyaya hücum etməyi planlaşdırmışdı. Onun həqiqi məqsədi isə imperiyasını Asiyada işğal edilmiş torpaqlar hesabına genişləndirmək idi. Lakin b.e.ə. 336-cı ildə qızının toyunda onun qətlə yetirilməsi, arzusunun həyata keçirilməsinə mane oldu. İki illik ləngimədən sonra bu plan onun oğlu və varisi Makedoniyalı Aleksandr tərəfindən öz həllini tapdı. Aleksandr Kiçik Asiyaya keçərək, Qranik çayı üzərində, İssdə, Qavqamelada, say tərkibi etibarilə böyük olan Persiya ordusu üzərində parlaq qələbələr çaldı. Çar III Dara qaçmaqla canını qurtarmaq istədi.

Heç şübhə yoxdur ki, Aleksandr Persiyaya hücum etmək üçün şans əldə etmişdi. Persiya, bəzi cəhətlərinə görə zəifləməsinə baxmayaraq, hələ də güclü dövlət olaraq qalırdı. Atası Filip də Asiyadakı imperiyaya planlaşdırdığı hücumda bunu nəzərə almışdı. Lakin bu vəzifənin yerinə yetirilməsi Aleksandrın üzərinə düşdü. Əslində onun Persiya yürüşü müəyyən səbəblər üzündən doğmuşdu.

Böyük Kir b.e.ə. VI əsrdə, 559-cu ildə Persiya adlı Əhəməni dövlətini yaratdıqdan sonra, Kiçik Asiyanın cənubi-qərbindəki Lidiyanın paytaxtı Sardını və digər İon şəhərlərini işğal etmişdi. Sonralar çar I Dara öz paytaxtı Suzadan Sardıya 1800 km uzunluğunda yol çəkdirmiş və o dövr üçün ilk poçt sistemini yaratmışdı. Aralıq dənizinin şərq sahilindəki İon yunan şəhərləri də Persiya imperiyasına daxil edildi və onun hökmranlığından azad olmaq üçün Milet şəhəri hətta üsyan da qaldırmışdı.

Çar I Dara imperiyanın ərazisini genişləndirmək üçün bütün vasitələrdən - diplomatiyadan və silahlı qüvvələri işə salmaqdan istifadə edirdi. B.e.ə. 490-cı ildə o, Avropaya keçib, Afinanı işğal etmək istədi, lakin şəhərin 42 km-dəki Marafon döyüşündə Afina quru qoşunları pers ordusu üzərində qələbə çaldı. Dara hücumdan əvvəl də İon şəhərinin üsyanını ağır şəkildə yatırtmışdı. Marafondakı məğlubiyyətdən sonra ciddi itki verən Persiya ordusu geri, Asiyaya üzməyə başladı.

B.e.ə. 480-ci ildə yeni Persiya çarı olan onun oğlu Kserks Afinaya hücum edib, onu tutduqdan sonra Akropoldakı çox saydakı müqəddəs məbədləri dağıtdı. Lakin Afina hərbi xadimi Femistokl hiyləgərliklə elə həmin ildə, Egey dənizinin Salamin adası yanında pers donanmasını darmadağın etdi. Onu körfəzə salıb, həlledici dəniz döyüşündə Persiya donanmasını tamamilə məhv etdi. Sonrakı ildə də perslər yenə yunanlara Plateyada məğlub oldular. Persiya dövlətinin hərbi qüdrəti zəiflədiyindən, Kserks bir daha Elladanı işğal etməyi heç arzulamadı da.

Makedoniya çarı II Filip Afinanı da özünə tabe etdiyindən, şəhərin yandırılmasından hali idi və qisas hissi ilə alışıb yanırdı. O, Persiyaya hücum edib, Afinaya görə intiqam almaq istəyirdi. Lakin tale onun özü haqqında daha ağır cəza verdi. Aleksandr atasının arzularını həyata keçirməyə başladı və ordusu ilə Kiçik Asiyada, vaxtilə Troyaya yürüş edən Mikena çarı Aqamemnon kimi, sahilə çıxdı.

 Persiyaya hücum ilə, Asiya dövlətinin b.e.ə. V əsrin ikinci on ili ərzində iki dəfə Yunanıstanı işğal etmək istəməsinə görə, indi Aleksandr ona cavab verməli idi.

Şərq işğalçısını bir əsr yarım sonra Qərbi təmsil edən Makedoniya işğalçısı əvəz etmişdi. Aleksandr da Kserksin vandalizmini təkrar edərək, Afinadan daha gözəl şəhər olan Persepolisi yandırmışdı. İşğalçı şərqli, qərbli olmasından asılı olmayaraq, onun mənfur əməlləri bir-birindən heç də fərqlənmir. Sezar da, Böyük Karl da, Çingiz xan da, Napoleon da, Hitler də belə vandalizm kimi iyrənc tədbirlərdən çəkinməmişdilər. Persepolis isə sarayları, məbədləri, Parfenondakından iki dəfə hündür olan sütunları, qanadlı yarı öküz, yarı insan heykəlləri və həmçinin Xalqlar yolu adlanan avenyusu ilə daha çox məşhur idi.

Makedoniyalıların donanması da Persiya dəniz qüvvələri üçün dəhşət rəmzini təmsil edirdi, onun gəmiləri Finikiyadan Qərbi Asiyanın sahil xalqlarının ərazilərinə qədər uzanırdı. Aleksandrın maliyyə imkanları da nisbətən böyük idi və resurslara sahib olmaq üçün o, sürətli qələbələr qazanmalı idi.

B.e.ə. 334-cü ilin yazında Aleksandr 37 minlik ordu ilə Kiçik Asiyaya girdi. Ordunun tərkibinin yalnız yarısı makedoniyalılar idi, qalanları yunanlardan və digər müttəfiq xalqların nümayəndələrindən ibarət idi. Süvari qoşunun zərbə əməliyyatları mühüm rol oynamalı idi, onun tərkibində 5 min nəfər var idi. Ordunu arxitektorlar, mühəndislər, tarixçilər və alimlər müşayiət edirdi. Bu, Aleksandrın nəhəng baxışını və başladığı kampaniyadan pozitiv gözləmələrini nümayiş etdirirdi. 22 əsr sonra Napoleon Misirə yürüş edərkən bu təcrübəni təkrar etmişdi.

Aleksandrın persiyalılarla ilk toqquşması b.e.ə. 334-cü ildə Qranik çayı üzərində baş verdi. Burada qazandığı qələbə, onun öz həyatını itirməsi ilə nəticələnə bilərdi. Sonrakı ilin yazında Kiçik Asiyanın bütün qərb yarısı artıq Aleksandrın əlində idi, İon şəhərləri də Persiya istismarından azad edilmişdi. Onların hamısı heç də bu azadlığı arzu etmirdi. Lakin Aleksandrı özlərinin yeni ağası kimi qarşıladılar.

Persiya çarı III Dara Aleksandr ordusunu dayandırmaq üçün öz qüvvələrini səfərbər etdi. Persiya qoşunlarının sayca Aleksandrınkından xeyli çox olmasına baxmayaraq, İssdə olan dar meydandakı vuruş Persiya ordusunun irəliləməsini dayandırdı və makedoniyalılara yeni qələbə bəxş etdi. Çar III Dara döyüş meydanından qaçmağa məcbur oldu, çünki o, özlərinin məğlub olacaqlarını görürdü.

Aleksandr Tir və Qəzzə sahil şəhərlərini mühasirə etdi ki, Persiyanın dənizə nəzarətinin qarşını alsın.

Misir isə Aleksandra döyüşsüz təslim oldu, Suriya və Fələstin də Aleksandrın ağalığı altına keçdi. O, Misir faraonlarının ənənəvi titulunu götürərək, özünün "Amon oğlu" adlandırdı, bu isə Yunanıstandakı Zevsin oğluna bərabər bir titul idi.

Aleksandr ölümündən əvvəl Aleksandriya adlanan şəhəri tikdi, bu şəhər Misirin yunan inzibati paytaxtı olmaqla, sonrakı seriya şəklində tikilən şəhərlərin birincisi idi. Aleksandriya Aralıq dənizi dünyasının ən mühüm şəhərlərindən birinə çevrildi.

B.e.ə. 331-ci ildə isə Aleksandr Qavqamela döyüşündə daha parlaq qələbə qazandı. Dara yenidən qaçmaq yolunu seçdi, lakin sonra öz adamları tərəfindən öldürüldü.

Aleksandrın hərbi qələbələri ilə yanaşı, onun idealları da olduqca maraqlıdır. Tarixin ən görkəmli şəxsiyyətlərindən biri olan bu adamı ilahi şərəf daim ilhamlandırırdı. Yunan şəhərlərinə təlimat göndərmişdi ki, onu "allah" kimi tanısınlar.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
525.az

1Mənbələr