Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xocalı faciəsindən 34 il keçir. Bu illər yalnız zaman ölçüsü deyil. Bu müddət həm də dünya düzəninin ədalət qarşısında nə dərəcədə dayana bildiyini göstərən bir göstəricidir.
Xocalı xalqımızın qan yaddaşıdır. Bu hadisə milli yaddaşımızda silinməz iz buraxıb və heç vaxt unudulmayacaq.
Ən böyük təsəllimiz ondan ibarətdir ki, ədalət uğrunda mübarizə nəticəsiz qalmadı. Döyüş meydanında haqqımızı bərpa etdik, cinayətkar rejimin rəhbərləri məsuliyyətə cəlb olundu.
Separatizmə qarşı mübarizə aparan bir çox ölkələr üçün bu nəticə əlçatmaz olaraq qalır. Azərbaycan isə ərazi bütövlüyünü təmin etməklə yanaşı, cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunmasına nail oldu.
Fevralın 26-da Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə bildirib.
“Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan xalqı bu gün qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Lakin Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi baxımından qarşıda hansı vəzifələr qalır?
Gununsesi.info -ya danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Tural Gəncəliyev bildirib ki, Azərbaycan xalqı Xocalı faciəsinin ildönümünü başı uca, alnı açıq şəkildə qeyd edib:
“Prezidentin Xocalıya səfəri zamanı memorial kompleksin açılışında iştirak etməsi, Xocalı soyqırımının xalqın qan yaddaşında əbədi həkk olunması və ədalətin bərpası mesajını verdi”.
Deputat xatırladıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması və matəm günü elan edilməsi ilk dəfə Milli Lider Heydər Əliyev tərəfindən başlanmışdır:
“Bu iş Prezident İlham Əliyev dövründə daha da sistemli şəkildə davam etdirilmiş və Heydər Əliyev Fondunun rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada soyqırımın tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
20-dən çox ölkədə və beynəlxalq təşkilatlarda, ABŞ-ın bəzi ştatlarında Xocalı soyqırımı rəsmi olaraq tanınmışdır”.
Tural Gəncəliyev qeyd edib ki, özü 2014–2018-ci illərdə Azərbaycanın Çexiyadakı səfirliyində çalışarkən Xocalıya ədalət kampaniyası çərçivəsində fəaliyyət göstərmişdir:
“İlk olaraq Avropa ölkələri arasında Çexiya parlamenti Xocalı soyqırımını rəsmi şəkildə tanımışdır”.
Deputat vurğulayıb ki, ədalət bərpa olunduqdan sonra Xocalı soyqırımının beynəlxalq gündəmə çıxarılması və bu istiqamətdə dövlət dəstəyi ilə fəaliyyət davam etdiriləcəkdir.
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki tarixi çıxışında bu günü “ədalətin təntənəsi” adlandırdı:
“İki il əvvəl, məhz prezidentin iştirakı ilə təməli qoyulan bu kompleks artıq Xocalı şəhərinin özündə, azad olunmuş torpaqda ucaldılıb. O, çıxışında qeyd etdi ki, kompleksin Bakıda tikilməsi planlaşdırılırdı, hətta yer də seçilmişdi — lakin onu hər dəfə nəsə dayandırırdı. Bu, gün gələcəyinə olan dərin inam idi: “Gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq.
Prezident Əliyev Xocalı soyqırımını Ermənistan dövləti tərəfindən törədilmiş qanlı cinayət kimi xarakterizə etdi. Bir gecənin içində 600-dən çox günahsız mülki şəxs — o cümlədən 106 qadın və 63 uşaq — vəhşicəsinə qətlə yetirildi. 150 nəfər itkin düşdü; sonradan məlum oldu ki, onların bir qismi işğaldan sonra tapılan qalıqlar vasitəsilə müəyyən edilib. Prezident vurğuladı ki, bu faciənin tam məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür.
Heydər Əliyev Fondu yarandığı gündən “Xocalıya ədalət!” hərəkatına başladı. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə son 20 il ərzində dünyanın onlarca ölkəsində konfranslar, simpoziumlar, kitablar, broşürlər vasitəsilə Xocalı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Prezident qeyd etdi: əgər bu səylər olmasaydı, dünyada Xocalı soyqırımı ilə bağlı doğru məlumat bugün mövcud olmayacaqdı. Bu inadlı çalışmalar nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.
İşğal illərində Azərbaycana davamlı olaraq “reallıqla barışmaq” tövsiyəsi verilirdi; böyük dövlətlər torpaqların azad edilməsinə imkan verməyəcəyini bildirirdilər. Prezident Əliyev isə hər fürsətdə bildirirdi ki, əgər danışıqlar nəticə verməsə, ərazi bütövlüyü hərbi yolla bərpa ediləcək. 2020-ci ildə cəmi 44 günlük Vətən müharibəsi bu sözlərin bariz sübutu oldu — Ermənistan kapitulyasiya aktına imza atdı. 2023-cü ildə isə bir neçə saat ərzində keçirilən antiterror əməliyyatı qanunsuz rejimi tarixə dəfn etdi, 15 minlik erməni ordusu tərk-silah edildi.
Prezidentin sözlərinə görə, Azərbaycan dünyada nadir hallarda rast gəlinən üçlü nailiyyəti gerçəkləşdirdi: tam hərbi qələbə qazandı, hər qarış torpağı azad etdi və müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxardı. Vətən müharibəsi və antiterror əməliyyatı zamanı cinayətkarların bir hissəsi məhv edildi; separatçı liderləri isə saxlanılaraq Bakıda ədalət məhkəməsinə gətirildi. Prezident Əliyev bunu “ədalətin tam təntənəsi” adlandırdı.
Prezident Əliyev vurğuladı ki, Azərbaycan Ordusu müharibəni müharibənin qaydaları çərçivəsində apardı. Ermənistandan fərqli olaraq günahsız mülki əhaliyə qarşı heç bir əməliyyat həyata keçirilmədi. “Qisasımızı döyüş meydanında aldıq” — deyən Prezident əlavə etdi ki, bu prinsipial mövqe Azərbaycan dövlətinə dünya miqyasında böyük hörmət qazandırdı. Bütün şəhidlərin ruhu qarşısında öhdəlik yerinə yetirildi.
Açılış mərasimində Xocalı sakinləri — hər biri yaxınlarını, doğmalarını itirmiş insanlar — iştirak etdi. Onların dözümü, imanı və dövlətə güvəni Azərbaycan xalqının əyilməz ruhunu əks etdirir. Prezident Əliyev Memorial Kompleksin bu ruhun daşa köçürülmüş ifadəsi olduğunu bildirdi: “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq.” Həmçinin xəbərdarlıq etdi: Azərbaycan artıq 1992-ci ilin Azərbaycanı deyil — bu gün dövlət o qədər güclüdür ki, heç kimin ağlına hər hansı bir təxribat gəlməsin.
Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı torpağında açılması simvolik gücü ilə tarixə düşdü. Bu, xalqın 30 illik səbrinin, dövlətin inadlı siyasətinin və ordunun şanlı qələbəsinin qovuşduğu bir andır. Prezident İlham Əliyevin çıxışı yalnız keçmişə hesablanmış bir xatirə deyil — gücün, ədalətin və milli ləyaqətin gələcəyə ünvanlanan manifestidir. Azərbaycan bu gün sübut etdi ki, ədaləti özü bərpa etməyə qadirdir — diplomatiya ilə, silahla və tarixi yaddaşla”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.