Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO-nun genişlənməsi prosesi istər hərbi, istərsə də siyasi mexanizmlərlə davam edir və bu məsələ həll olunmadan Ukrayna ətrafındakı münaqişənin aradan qaldırılması mümkün deyil. O, bu fikirləri Volodimir Zelenskinin Rusiyanı Budapeşt Memorandumunu pozmaqda ittiham etməsinə cavab olaraq səsləndirib.
Bəs Moskvanın bu mövqeyi real təhlükəsizlik narahatlığından qaynaqlanır, yoxsa daha çox geosiyasi təsir zonasını qoruma strategiyası kimi qiymətləndirilməlidir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təsbit etmək məqsədilə imzalanıb:

“Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı təhlükəsizlik təminatları öz əksini tapıb. Bu sənəd nəticəsində 1994–1996-cı illər arasında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina ediblər.
Göründüyü kimi, Budapeşt Memorandumu Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə təminat verir. Lakin Rusiya iddia edir ki, Ukrayna ərazisindən onun təhlükəsizliyinə təhdid yaranır. Buna görə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirir”.
Mütəllim Rəhimli bildirib ki, Rusiyanın dediklərində müəyyən həqiqət payı olsa da, bunu şişirdilmiş formada təqdim edir:
“Belə ki, heç bir hal müstəqil dövlətin ərazisinə hücuma bəraət qazandıra bilməz. Rusiya artıq Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib və ölkənin suverenliyi ciddi şəkildə zədələnib.
Hazırda davam edən müharibədə NATO rəsmi şəkildə iştirak etməsə də, üzv ölkələr faktiki olaraq prosesə qoşulublar. Onlar Ukraynanı silah-sursat, kəşfiyyat məlumatları və hərbi hazırlıqla təmin edirlər.
NATO-nun Şərqə doğru genişlənmə siyasəti davam edir və bu, Rusiyanı narahat etməyə bilməz. Faktiki olaraq Rusiya rəqib qüvvələr tərəfindən mühasirəyə alınır. Bütün bunlar onun geosiyasi təsir zonasını daraldır və təhlükəsizliyinə kölgə salır. Ölkənin çoxmillətli strukturu, demokratik dəyərlərin zəifliyi və avtoritar idarəetmə daxili narazılıq riskini artırır. Buna görə də Rusiya demokratik ölkələrlə öz arasında keçmiş sosialist dövlətlərindən ibarət bufer zona saxlamağa çalışır.
Ukrayna da Rusiya ilə Qərb arasında bu funksiyanı yerinə yetirməli idi. Lakin onun Avropa Birliyinə və NATO-ya inteqrasiya kursunu seçməsi müharibənin başlanmasına səbəb oldu”.
“Hazırda isə təəssüf ki, Ukraynanın ərazi bütövlüyünün pozulmasına ABŞ və Qərb lazımi səviyyədə reaksiya vermir və üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmirlər. Rusiya isə bundan istifadə edərək təsir zonasını birbaşa nəzarəti altına almağa çalışır”, – o, qeyd edib.
Atilla Rzasoy