AZ

Prezidentin çıxışı: "Uzaqgörən hədəflərə hesablanıb"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Soyqırımı Memorialının açılışında iştirak ediblər. 

Prezident çıxışında bildirib ki, Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir:

“Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”.

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı Memorial abidəsinin açılışında çox mühüm strateji əhəmiyyətli məsələlərə toxunub və vacib məqamları diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Prezident ilk növbədə Xocalı şəhərində Memorial Abidənin ucaldılmasının ədalətin təntənəsi olduğunu vurğulayıb: 

“Bu, həm də onun ifadəsidir ki, biz güclü ordu və siyasi güc sayəsində tarixi Qələbəmizi əldə etdik. Bu abidənin açılışını etməklə biz həm gücümüzü nümayiş etdirdik, həm sülhpərvər mövqeyimizi ortaya qoyduq, həm də Xocalıda törədilən erməni vəhşiliyini bir daha dünyaya bəyan etmiş olduq”.

Deputat vurğulayıb ki, cənab Prezidentin çıxışında əsas tezislərdən biri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik və vandalizm siyasətinin heç zaman unudulmaması ilə bağlı olub:

“Bu fikirlərin xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflandığı və 2026-cı ildə sənədin imzalanmasının gözlənildiyi bir dövrdə səslənməsinin çox böyük mənası və əhəmiyyəti var. Bu reallıq fonunda Prezidentin mesajı ondan ibarətdir ki, Azərbaycan sülhpərvər dövlətdir, sülh müqaviləsinin iki baza prinsipini müəyyən etmişik, sənədin layihəsini hazırlamışıq və onu Vaşinqtonda parafladıq. Amma bu, heç də o demək deyil ki, biz tarixi keçmişimizi, xalqımıza qarşı törədilmiş soyqırımı və cinayətləri unutmalıyıq. Bu, heç də o anlama gəlmir ki, biz ermənilərin xalqımıza qarşı törətdiyi bu qeyri-insani davranışı, bəşəri cinayətləri yaddan çıxaraq”.

Elman Nəsirov əlavə edib ki, Azərbaycan cəmiyyəti hər zaman ayıq-sayıq olmalı, unutqanlıq sindromundan uzaq durmalıdır:

“Biz həmişə ayıq olmalıyıq və unutqalıq bizdən uzaq olmalıdır. Cənab Prezidentin sözlərində böyük həqiqət var. Çünki 1905–1906-cı illərdə ermənilər xalqımıza qarşı ağır cinayətlər törətdilər. Biz onu unutduq. Biz həmin faciələri lazımi səviyyədə yadda saxlamadıq və nəticədə 1918–1920-ci illərin hadisələri yaşandı. Sanki unutqanlıq sindromunun acı nəticələrini yaşadıq. Daha sonra 1948–1953-cü illər deportasiyası ilə üzləşdik, böyük müsibətlər gördük. 1988-ci ildə isə ermənilərin növbəti təcavüzünün qurbanına çevrildik. Bütün bunlar göstərir ki, unutqanlıq ağır fəsadlara gətirib çıxara bilər.

Biz sülhpərvər dövlət və xalqıq. Lakin bu, o demək deyil ki, başımıza gətirilən faciələri, müsibətləri unuda bilərik. Biz heç bir zaman başımıza gələn bu müsibətləri, faciələri unutmamalıyıq. Biz güclü və həmrəy olmalıyıq. Yalnız bu halda yeni qələbələrə imza ata bilərik. Bu baxımdan, Prezidentin Xocalı Memorial Kompleksinin açılış mərasimindəki nitqi böyük strateji əhəmiyyət daşıyır və uzaqgörən hədəflərə hesablanıb”.

Seçilən
9
cebheinfo.az

1Mənbələr