AZ

Kremlin yeni nüvə isteriyası: Moskva “çirkli bomba” iddialarını yenidən gündəmə gətirib

Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibənin dördüncü ildönümü və beynəlxalq platformalarda münaqişə ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda yenidən “nüvə təhlükəsi” mövzusunu gündəmə çıxarıb. Bu dəfə Kreml Ukraynanın guya “çirkli bomba” əldə etməyə çalışdığını iddia edir.

Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya nüvə komponentləri ötürməyə hazırlaşdığı barədə məlumat yayıb. Moskva bu iddiaları “Ukraynanın hərbi əməliyyatlarda üstün mövqe qazanmaq planı” kimi təqdim edir.

Kremlin sözçüsü Dmitri Peskov bu cür addımı “beynəlxalq hüququn kobud pozuntusu” adlandırıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynanı və ona bu cür silah verə biləcək ölkələri “qeyri-strateji nüvə silahı” ilə hədələyib. Rusiya Xarici İşlər Nazirliyi də “nüvə gücləri arasında birbaşa toqquşma riskinin artdığı” barədə xəbərdarlıq edib.

Rusiya Prezidenti Vladimir Putin isə çıxışında “Rusiyanın düşmənlərinin nüvə komponentindən istifadəsinin nəticələrini yaxşı başa düşdüyünü” bildirib.

Ekspertlər hesab edirlər ki, Moskvanın bu iddiaları danışıqlar prosesinə təsir göstərmək və Qərbin Ukraynaya təhlükəsizlik zəmanətlərini zəiflətmək məqsədi daşıyır. Müharibə Tədqiqatları İnstitutu (ISW) qeyd edir ki, Kreml nüvə eskalasiyası qorxusunu artırmaqla Avropa ölkələrini Kiyevə dəstəkdən çəkindirməyə çalışır.

Analitiklərin fikrincə, bu taktika daha əvvəl də tətbiq olunub və həm informasiya gündəmini dəyişmək, həm də mümkün təxribatlar üçün zəmin yaratmaq məqsədi güdə bilər.

Böyük Britaniya və Fransa Rusiya tərəfinin ittihamlarını qəti şəkildə rədd edib. BMT çərçivəsində keçirilən müzakirələr zamanı hər iki ölkənin nümayəndələri bu iddiaları “reallıqdan uzaq” adlandırıblar.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin də Pekinin Ukraynaya nüvə silahı ötürülməsi ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərə riayət olunmasının vacibliyini vurğulayıb.

Məsələ həm də Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları Müqaviləsinin müddətinin başa çatması fonunda gündəmə gəlir. Moskva 2023-cü ildə müqavilədə iştirakını dayandırdığını elan edib. Hazırda tərəflər yeni sazişlə bağlı danışıqlar aparır.

Ekspertlər hesab edirlər ki, Kreml bu prosesdə Fransanın və Böyük Britaniyanın nüvə arsenalının da nəzərə alınmasını tələb etməklə ABŞ və NATO üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır.

Strateji Kommunikasiya Mərkəzinin qiymətləndirməsinə görə, Rusiyanın “nüvə şantajı” ritorikası artıq Ukraynaya qarşı aparılan müharibənin informasiya komponentinə çevrilib. Analitiklər bildirirlər ki, Ukraynanın guya nüvə silahı hazırlaması və ya əldə etməsi barədə iddialar əvvəllər də səsləndirilib və hazırkı kampaniya bu xəttin davamıdır.

Müşahidəçilər hesab edirlər ki, Moskvanın növbəti “nüvə isteriyası” həm beynəlxalq diqqəti yayındırmaq, həm də danışıqlarda əlverişli mövqe qazanmaq məqsədi daşıyır.

Seçilən
57
veteninfo.az

1Mənbələr