AZ

Cəriməsini ödəyə bilməyənlərin nəzərinə

Cərimənin məcburi tutulması qaydası dəyişir. Mövcud qanuna görə, məhkum cəriməni vaxtında ödəməzsə, məhkəmə cərimənin məcburi qaydada tutulmasına qərar verir. İlk növbədə cərimə məhkumun əmlakından tutulur. Əgər onun əmlakı yoxdursa və ya əmlakı borcu ödəməyə kifayət etmirsə, onda məbləğ əmək haqqından və ya digər gəlirlərindən tutulur. Təklif olunan dəyişikliyə əsasən isə qayda dəyişir. Məhkum cəriməni vaxtında ödəmədikdə, cərimə ilk növbədə onun əmək haqqından və ya digər gəlirlərindən tutulacaq. Əgər məhkumun əmək haqqı və ya başqa gəliri yoxdursa, yaxud bu gəlir borcu tam ödəməyə yetmirsə, o zaman cərimə əmlakına yönəldiləcək. Bu zaman “İcra haqqında” qanunun müvafiq müddəaları tətbiq olunacaq. Bəs yeni mexanizm borclunun sosial vəziyyətinə hansı təsirləri göstərə bilər? Bu dəyişiklik cərimələrin icra prosesində hansı əsas problemi aradan qaldırmağı hədəfləyir?Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, vətəndaşların xeyrinə atılan bir addımdır: “Çünki şəxsin həm əməkhaqqısı, həm də əmlakı mövcuddur. Mövcud qaydalara əsasən borc və ya cərimə olduqda, məbləğ əməkhaqqından tutulur. Lakin elə hallar olur ki, məsələn, şəxsə 5000 manat cərimə yazılır, aylıq əməkhaqqısı isə 1000 manatdır. Bu zaman əməkhaqqı borcun ödənilməsi üçün kifayət etmədikdə, şəxsin əmlakı – torpaq sahəsi, avtomobili və digər mülkiyyəti hərraca çıxarıla bilər. Təbii ki, bu, vətəndaş üçün sərfəli deyil və əmlakını itirməsi ilə nəticələnə bilər”. Hüquqşünasın sözlərinə görə, təklif edilən dəyişiklik isə fərqli yanaşmanı nəzərdə tutur: “Belə ki, ilk növbədə tutulma əməkhaqqından həyata keçirilməlidir. Qanunvericiliyə görə əməkhaqqının maksimum 50 faizi tutula bilər, yəni məbləğ hissə-hissə, aybaay ödənilir. Bu isə vətəndaşa vaxt qazandırır və əmlakının əlindən çıxmasının qarşısını alır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
33
metbuat.az

1Mənbələr