AZ

Azərbaycanda süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin tətbiqi genişlənir - ŞƏRH VİDEO

Bakı, 27 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda dövlət və özəl sektorda süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin tətbiqi mərhələli şəkildə genişlənir. Bir sıra qurumlar bu texnologiyalardan artıq istifadə edir, digərləri isə pilot layihələr və test mərhələləri çərçivəsində həllərin effektivliyini qiymətləndirir.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında “ESET” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Mustafa İpek deyib.

Mustafa İpek bildirib ki, “ESET” şirkəti kibertəhlükəsizlik sahəsində süni intellekt və insan təcrübəsinə əsaslanan yanaşmanı 1997-ci ildən etibarən məhsullarında tətbiq edir və bu gün də həmin yanaşma daha da təkmilləşdirilir.

Mustafa İpek qeyd edib ki, süni intellektin populyarlığının artması bazarda həllərin sayını çoxaltsa da, keyfiyyət baxımından ciddi fərqlər mövcuddur: “İstifadəçilər yalnız adında süni intellekt var deyə məhsul seçməməlidirlər. Həllərin real sınaqlardan keçməsi, etibarlı vendor tərəfindən təqdim olunması və uzunmüddətli təcrübəyə söykənməsi əsas meyardır”.

Şirkət rəsmisi vurğulayıb ki, Azərbaycanda qurumlar üçün əsas çağırışlardan biri süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqidir. Onun sözlərinə görə, hazırda “ESET”in süni intellekt əsaslı sistemləri əsasən hadisələri analiz edir və son qərarın insan tərəfindən verilməsinə imkan yaradır: “Tam avtonom qərarvermə modellərinə keçid risklər yarada bilər. Süni intellekt bəzən yanlış nəticələr çıxara və səhv qərarlar verə bilər. Buna görə də insan nəzarəti vacibdir”.

Mustafa İpek qeyd edib ki, süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin bir qismi yüksək hesablama gücü və enerji sərfi tələb etdiyindən maliyyə baxımından da əlavə yük yaradır. Bu isə xüsusən böyük infrastruktur qurmaq istəyən təşkilatlarda ehtiyatlı yanaşma formalaşdırır. Bununla belə, o, Azərbaycanda qurumların texnoloji yeniliklərə marağının artdığını, bir çox təşkilatın artıq bu sahədə aktiv araşdırmalar apardığını və mərhələli tətbiqə başladığını bildirib.

Mustafa İpekin sözlərinə görə, ölkədə adları açıqlanmayan bir sıra qurumlar artıq “ESET”in süni intellekt əsaslı həllərindən istifadə edir və əldə olunan ilkin nəticələr kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsinə müsbət təsir göstərir.

Seçilən
11
1
azertag.az

2Mənbələr