AZ

Mustafa İpek: Süni intellektdən təhlükəsizlik texnologiyalarını gücləndirən baza qatı kimi istifadə edirik

Bakı, 27 fevral, Pərvanə Qafarova, operator Ələkbər Baxşıyev, AZƏRTAC

Hazırda Azərbaycanda bir sıra qurumlar “ESET” məhsullarından istifadə edir və real mühitdə bu həllərin effektivliyi təsdiqlənir.

AZƏRTAC xəbər verir ki, bu barədə “ESET” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Mustafa İpek deyib.

Onun sözlərinə görə, “ESET” şirkətinin süni intellektlə bağlı əlaqələri 1990-cı illərdə başlayıb və bu gün məhsullarda bir neçə fərqli süni intellekt əsaslı modul tətbiq olunur.

“Şirkət süni intellekti təhlükəsizlik texnologiyalarını gücləndirən baza qatı kimi istifadə edir və bunu “S&P” tərəfindən 40 il ərzində formalaşdırılmış minlərlə real ssenari və ekspert bilikləri ilə birləşdirir. Bu yanaşma “LiveSense” texnologiyaları çərçivəsində bütün “ESET” məhsullarına inteqrasiya edilib. “ESET” platforması həm şirkətin öz məhsulları, həm də üçüncü tərəf həlləri ilə inteqrasiya imkanları yaradır və vahid təhlükəsizlik ekosistemi formalaşdırır. Xüsusilə daşınan qurğuların geniş istifadə olunduğu mühitlərdə “Full Disk Encryption” funksiyası kritik əhəmiyyət daşıyır. Bu texnologiya oğurluq və ya itki hallarında qurğunun daxilindəki məlumatların qorunmasını təmin edir. Bu funksiya bəzi hallarda sistem resurslarına əlavə yük yaratdığı üçün qurumlar tərəfindən aktivləşdirilmir, lakin məlumat təhlükəsizliyi baxımından mühüm qorumadır və mərkəzləşdirilmiş şəkildə idarə oluna bilir”, - deyə Mustafa İpek əlavə edib.

Mustafa İpek qeyd edib ki, informasiya təhlükəsizliyi riskləri ilə mübarizədə əsas yanaşma texnologiyaların kombinasiyası və risk əsaslı müdafiə strategiyasının qurulmasıdır: “Bu yanaşma qurumlara həm lokal, həm də bulud mühitlərində təhlükəsizlik səviyyəsini artırmağa imkan verir”.

Seçilən
25
azertag.az

1Mənbələr