AZ

“Qarabağ”ın bir mövsümdə imza atdığı ilklər və rekordlar – ARENA.AZ

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”a məğlub olaraq mübarizəni dayandırdı.

Arena.az xatırladır ki, bununla da Azərbaycan klubları üçün avrokubokların 2025/2026-cı illər mövsümü başa çatdı.

Mübarizəni davam etdirən sonuncu təmsilçimiz – UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləmiş Ağdam klubu 1/8 final şansını İngiltərənin “Nyukasl” klubu ilə matçlarda əldən verib. Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn “Qarabağ” buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. “Qarabağ” Çempionlar Liqası yolunda, “Sabah” Çempionlar yolunda mübarizə aparıb.

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan “Qarabağ” özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/2015-ci illər mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə Avropa Liqası, 1 dəfə Avropa Konfrans Liqasında əsas raunda yüksəlib.

1-ci turun “Benfika” ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.

“Benfika” ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.

2-ci turda “Kopenhagen”i Bakıda 2:0 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.

“Kopenhagen”lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.

4-cü turda dünya çempionu “Çelsi” ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.

Bəhlulla Elvin də tarixə düşdülər

7-ci turun “Ayntraxt”la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vurmuş “Qarabağ” 2017/2018-ci illər mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdır.

Elvin Cəfərquliyev “Nyukasl”la ilk matçda (1:6) qol vurmaqla UEFA Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.

Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

2025/2026-cı illər mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurublar ki, bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i “Qarabağ”ın payına düşür.

“Qarabağ”ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/2024-cü illər mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.

“Qarabağ” cari mövsümdə klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
32
11
arena.az

10Mənbələr